Təhsil işçilərinin sosial müdafiəsi gücləndirilir: Bəs, müəllimlər?.. – Ekspert danışır

0
7

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib. Qaydada “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin ikinci cümləsinə əsasən, həmin Qanunun 17.4-cü və 44.2-ci maddələrinə uyğun tətbiq edilən və Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə edilməsi müəyyən olunub.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 mislindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir. İşçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Bu qərar müəllimlər arasında birmənalı qarşılanmayıb. Onlar da maaşlarına əlavələrin təyin ediməsini istəyirlər. Müəllimlər etirazlarını sosial şəbəkələrdə ifadə edirlər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov “Press Klub”a açıqlamasında bildirdi ki, pandemiya və müharibənin ciddi fəsadlarına baxmayaraq, Nazirlər Kabinetinin qərarı bir daha göstərir ki, təhsil dövlətin prioritet sahəsi, sosial yönümlü siyasətimizin bariz nümunəsidir:

“Əlbəttə, yeni qərar hər şeydən əvvəl stimullaşdırıcı xarakterə malik olub, nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, tapşırılan işlərin keyfiyyətlə yerinə yetirilməsində məsuliyyət və fərqlənmə kimi keyfiyyətlərin formalaşmasınsa stimul yaradır. İşçilərə aylıq vəzifə maaşlarının iki mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. Qərarda aylıq vəzifə maaşına əlavənin ödənilməsi prosedurları da göstərilib”.

Müəllimlərə gəldikdə isə təhsil ekspertin sözlərinə görə, onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb:

“Təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə – 1 sentyabr, 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla, təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir”.

İsrafilov sonda vurğuladı ki, bu proses mərhələlər üzrə davam etdirilir:

“Dövlət büdcəsinin gəlirlərində sosial xərclərin artması ilə əlaqədər məsələyə yenidən baxıla bilər. Hazırda müəllimlərin orta aylıq əməkhaqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin