Rusiyadakı diaspor rəhbərimiz koronavirusdan vəfat edib

0
3

KAİM.az xəbər verir ki, Azərbaycan diasporuna ağır itki üz verib. Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov koronavirusdan vəfat edib.

Fazil Səməd oğlu Qurbanov 18 fevral 1944-cü ildə Bakıda anadan olub. O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib.

F.Qurbanov 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində aspiranturaya daxil olub.1983-cü ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.

1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub.

1999-cu ildən etibarən fəaliyyətini Moskvada davam etdirən soydaşımız Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edib, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru idi.

Görkəmli akademik 230-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 18 ixtira və səmərələşdirici təklifin müəllifidir, rəhbərliyi altında 7 elmlər və 14 fəlsəfə doktoru hazırlanıb.

F.Qurbanov 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

F.Qurbanov 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi akademik Fazil Qurbanovun vəfatından kədərləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına, Rusiyadakı diaspor nümayəndələrinə və soydaşlarımıza dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin