“Nar Festivalı”mız UNESCO-nun qeyri-maddi irs siyahısında-MİLLİ UĞURUMUZ

Mədəniyyət Nazirliyi Azərbaycan xalqını təbrik edir!

KAİM.az xəbər verir ki, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilib.

Bu gün, 16 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.  Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşükkürünü bildirmiş, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulamışdır. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə “Nar mədəniyyəti”nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunmuşdur.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan – ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Qeyd edilən siyahıda Azərbaycanın rəsmi olaraq 14-cü mədəni elementi olan “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə bir daha bütün xalqımızı təbrik edirik!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin