“Murovda baş verənlər araşdırılsa, dövlətə xəyanət edən böyük şəbəkə ortaya çıxacaq” – Şəhid qardaşından ŞOK AÇIQLAMA

0
5
“Şəhid qardaşım mayor Vəliyev Vüsal 70 gün itkin oldu, 50 gün əvvəl (9 noyabr Şuşa) şəhid olduğu deyildi, 14 gündür dəfn edilib. Bu müddət ərzində nə Müdafiə Nazirliyindən, nə də xidmət etdiyi Göygöl rayonu Toğana qəsəbəsində yerləşən hərbi hissədən bir dəfə də olsa ailəmizə zəng edib maraqlanan, başsağlığı verən olmadı”.
Dominant.az-a bunu Vətən müharibəsində şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.
O, həmçinin Müdafiə Nazirliyinin ünvanına ciddi ittihamlar səsləndirib:
“Mənim 70 gün ərzində etdiyim zənglərə, yazdığım məktublara, vurduğum teleqramlara cavab verilmədi. Çünki Müdafiə Nazirliyində qanı təmiz, əsl azərbaycanlı, vətənpərvər, milli qeyrəti olan, vicdanlı məmur çox azdır. Əsas yüksək vəzifələrə rus agentləri, rüşvətxor, bacarıqsız və vicdansızlar yerləşdirilib”.
“Bəzi hərbi hissələrin komandirləri hərbi hissələrə verilən təminatdan mənimsədikləri pullarla özünə mülklər, fermalar tikdirib. Müdafiə Nazirliyinin və
Korpus, hərbi hissə komandirlərinin fəaliyyəti yoxlansa milyardlarla manat yeyinti, qanunsuzluq, rüşvətxorluq ortaya çıxacaq. Bu əməllər həm də vətənə, dövlətə, xalqa xəyanətdir”, – deyə E.Islamoğlu əlavə edib.
Şikayətçinin iddia etdiyinə görə, təkcə müharibə zamanı Murovda baş verən hadisələr ədalətli və şəffaf şəkildə araşdırılsa, orduya, dövlətə xəyanət edən böyük bir şəbəkə ortaya çıxacaq:
“Ümid edirəm ki, müharibədən sonra ordudakı rüşvət aradan qaldırılacaq, orduya ayrılan təminat mənimsənilməyəcək, hər kəsin övladı xidmət zamanı eynihüquqlu olacaq, məmur balaları da hərbi xidmətə cəlb ediləcək”.
Qeyd edək ki, mayor Vəliyev Vüsal İslam oğlu 2009-cu ildən zabit kimi Beyləqanda, Goranboyda, Tovuzda və sonuncu dəfə Göygöldə xidmət edib. Vüsal Həmlə Taborunun komandiri olub, sentyabrın 27-də döyüşlər başlayan kimi o da döyüşlərə qatılıb, iki dəfə yaralansa da, döyüşdən çıxmayıb. Noyabrın 9-da Şuşada şəhid olub.
Vüsal nişanlıydı, martın 24-də Bakıda, 28-də isə Naxçıvanda toyunu təyin olunsa da, pandemiyaya görə toyu təxirə salınmışdı.
Şəhid mayor Vəliyev Vüsal İslam oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin