Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq sertifikatlar qazanıb-FOTO

Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində keyfiyyətli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərinə əsaslanaraq aqrar sahədə idarəetmə sistemini təkmilləşdirmək, onu müasir çağırışlara uyğunlaşdırmaq və ətraf mühitin mühafizəsini nəzərdə tutan İSO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” və İSO 14001:2015 “Ətraf Mühitin İdarəetmə Sistemi” beynəlxalq sertifikatlarını əldə edib.

Sertifikatlar nazirliyə qurumun fəaliyyətinin monitorinqi, idarəetmənin təşkili standartlarının yoxlanılması əsasında verilib.

İSO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi”nin tətbiqi fermerlərin problemlərinin öyrənilməsinə, bu problemlərə operativ reaksiyanın göstərilməsinə və fundamental əsaslarla fermerlərə dəstək verilməsinə, onların məmnuniyyətinin artırılmasına istiqamətlənən idarəetmənin təkmilləşdirilməsinə zəmin yaradır. Bu sertifikat həmçinin fermerlərin amallarına xidmət edən mütərəqqi aqrar inkişaf strategiyasının formalaşdırılmasına, aqrar sahədə həyata keçirilən iş proseslərində risklərin təhlil edilməsi və qiymətləndirilməsinə, sistemli formada monitorinqlərin planlaşdırımasına, aparılmasına və nəticələrinin təhlil edilməsinə, hesabatlılığın təmin olunmasına əsaslanır.

İSO 9001:2015 sertifikatı idarəetmədə şəffaflığın artırılmasına, müasir aqrar innovasiyaların, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə xidmət etməklə yanaşı, kənd təsərrüfatı məhsullarının intensiv metodlar və müasir texnologiyalar əsasında istehsalına, emalına, habelə aqrar sektorun infrastruktur təminatının keyfiyyətinin daha da yüksəldilməsinə zəmin formalaşdırır.

Nazirliyin əldə etdiyi digər beynəlxalq sertifikatın – İSO 14001:2015 “Ətraf Mühitin İdarəetmə Sistemi”nin tətbiqi biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi, idarəetmədə ekoloji faktorların nəzərə alınması, bu sahədə maarifləndirmə işinin həyata keçirilməsi, aqrar proseslərdə ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və daha sonra bu təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemini özündə ehtiva edir.

Qeyd edək ki, İSO beynəlxalq sertifikatları fəaliyyətin planlaşdırılmasına, tətbiq edilən təcrübənin davamlı olaraq təkmilləşdirilməsinə, aqrar sahədə təhsil və təlimin dayanıqlı inkişafına, beynəlxalq əməkdaşlıq əmsalının yüksəldilməsinə, habelə səmərəli idarəetmə sisteminin formalaşmasına təkan verəcək.

      

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin