Aİ və FAO Azərbaycanda aqrar məsləhətlər ilə bağlı qanun layihəsinə DƏSTƏK GÖSTƏRİR

0
3

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində bu sahədə qanunverici bazanın yaradılması və əsas qanun layihəsinin hazırlanmasına dəstək göstərilir. Hazırlanacaq yeni qanunvericilik mexanizmi Layihə tərəfindən Azərbaycan hökumətinə təqdim ediləcək yeni aqrar məsləhət xidməti modelinin və aqrar məsləhət xidmətlərinin həyata keçirilməsi ilə bağlı beşillik strategiyanın həyata keçirilməsi üçün zəmin yaradacaq.

Layihə mütəxəssisləri “Aqrar məsləhət xidmətləri haqqında” qanun layihəsinin hazırlanmasına dair işçi qrupa daxil edilib. İşçi qrupa Azərbaycan üçün hazırlanmış Aqrar məsləhət xidməti modelini təqdim edən mütəxəssislər bu modelin işlək olması üçün dövlət, özəl, biznes və vətəndaş cəmiyyəti arasında tələb olunan tənzimləmələr barədə məlumat verib və qanunvericiliyin bu tələblərə uyğun qurulmasına ehtiyac olduğunu bildiriblər.

Layihənin baş meneceri, FAO eksperti Nevena Aleksandrovanın iştirakı ilə işçi qrup üçün “Plüralistik aqrar məsləhət xidmətləri sistemində idarəetmə və koordinasiya”, “Aqrar məsləhət xidmətlərində maliyyələşmə və tərəfdaşlıq”, “Azərbaycanda aqrar məsləhət xidmətləri üçün biliklərin artırılması, innovasiyaların keyfiyyətinin təminatı və öyrənmə” mövzusunda 3 vebinar təşkil edilib. Ekspert Layihə tərəfindən təklif edilən modeldə aqrar məsləhət xidmətlərinin maliyyələşməsi, tərəflər arasında əlaqələrin qurulması və münasibətlərin tənzimlənməsi, hazırkı sistemdə mövcud boşluqların yeni modeldə necə doldurulması, innovasiyaların, yeni biliklərin əldə edilməsinin necə əks edildiyini vebinar iştirakçılarına izah edib.

Xanım Aleksandrova bildirib ki, model Avropanın aqrar sahədə inkişaf etmiş ölkələrinin təcrübəsindən faydalanaraq və yerli xüsusiyyətləri nəzərə alaraq tərtib olunub. FAO eksperti ölkə üçün təqdim olunan yeni aqrar məsləhət xidməti modelində dövlətin rolu, əsas iştirakçıların mövqeləri və fermerlərlə birbaşa ünsiyyətdə olacaq, ona xidmət göstərəcək qrupların funksiyalarını açıqlayıb.

Hazırlanacaq qanun layihəsində bütün bu qruplar arasında münasibətlərin dəqiq tənzimlənməsinin, hər bir iştirakçının rolunun dəqiq ifadə olunmasının, özəl sahə nümayəndələrinin aqrar məsləhət xidməti təminatçısı kimi fəaliyyətinin stimullaşdırılmasına şərait yaradılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi beşillik strategiyanın hazırlanmasından başqa, ölkənin 2 regionunda – Gəncə-Qazax və Quba-Xaçmaz regionunda təklif edilən modelin sınaqdan keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin