Rusiya MN-dən Azərbaycana AÇIQ TƏHDİD: Suqovuşanı “özününkü”ləşdirdi

Nəinki Müdafiə Nazirliyi,  Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT  BİLDİRİLMƏLİDİR…”
“Artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar. Axı belə “xəta”lara birinci yox, “en”inci dəfə yol verilir…” 
Xəbər verdiyimiz kimi, yanvarın 5-i gecə saatlarından  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər  savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də “Madagiz” adıyla daxil edilmişdi.
Haqlı.az xəbər verir ki, Moderator.az məsələ ilə bağlı  dərhal Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovdan açıqlamasını da nəzərə çatdıraraq ictimaiyyəti məlumatlandırdıqdan sonra yanvarın 6-ı gecə saatlarında yanvarın 5-ə aid xəritə Rusiya MN-in saytındakı  Qarabağdakı “sülhməramlı” kontingentə aid bölmənin arxivindən də silindi…
Təəssüf ki, dünən – yanvarın 7-i gecə saatlarından Rusiya Federasiyanın sözügedən rəsmi qurumu yenidən Suqovuşanı “Madagiz” adıyla həmin tarixə aid  “sülhməramlı” xəritəsinə daxil edib. Hələ üstəlik, həmin məntəqənin yaxınlığına post işarəsi də qoyub…
Öncəki gün biz həmişəki kimi özümüzü aldadaraq bunu Rusiya MN-in həmin ölkədə  10 gün davam edən “Yeni il bayramı gecələri alkoqolun təsirinə düşmüş hansısa əməkdaşının etdiyi texniki səhv, yaxud həmin quruma yerləşdirilimiş erməni təxribatçısının işi” hesab etməyə çalışdıq…
Lakin artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə,  iki dəfə, yaxşı, 3-5 dəfə olar. Axı belə “xəta”lara birinci yox, “en”inci dəfə yol verilir.  Belə çıxır ki, Rusiya MN-in əməkdaşları hamısı qeyri-peşəkar və məsuliyyətsizdir və 10 noyabr razılaşmasından keçən 1 il iki aylıq dövrdə hər gün, hər gecə kütləvi texniki səhvlərə yol verirlər.  Məgər  Xankəndi əvəzinə “Stepanakert”,  Ağdərə əvəzinə “Mardakert” və s. də texniki səhvdir. Bu, açıq-açığına Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, mediasına, iqtidarlı-müxalifətli bütün siyasi dairələrinə, bütövlükdə Azərbaycan xalqına acıq verməkdir. Bu, hədsizliyin son həddi olmaqla suverenliyimizə, müstəqilliyimizə birbaşa təhdiddir. Bu o deməkdir ki, yalnız Moskvanın diqtə etdiyi olmalıdır və istəsək, sizi Qazaxıstanın gününə salarıq…
Biz artıq  Azərbaycan Müdafiə Nazirliyinə və ya digər qurumlara müraciət etməyə lüzum görmürük. Hər şey, faktlar göz qabağındadır. Artıq nəinki Müdafiə Nazirliyi,  Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT  BİLDİRİLMƏLİDİR…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin