ŞOK: Korrupsioner məmurların HƏZİN SONU! Yeni həbslər GÖZLƏNİLİR ya da AZADLIQ MEYDANINDA…

0
3

Korrupsiya mövzusu Azərbaycan kimi ölkələrdə ənənəvi problemdir və buna yanaşma da daha konseptual baxış bucağı tələb edir. Gəlin Azərbaycanda son vaxtlar antikorrupsiya tədbirlərini vacib edən səbəbləri analiz edək.

1-44 günlük müharibədən sonra işğal olunmuş ərazilərdə yeni infrastrukturun qurulması üçün kifayət qədər vəsaitə ehtiyac yaranıb.

2-Azərbaycan xalqının varidatını talayan və ölkənin hüdudlarından çıxaran oliqarx təbəqəsinin siyasi iddialarının yarana bilməsi ehtimalı.

3-Yeni siyasi sistemin yaradılmasının artıq labüd olması və bunun üçün köhnələrdən qurtulmaq məcburiyyəti.

İşğal olunmuş ərazilərin bərpası, yeni infrastrukturun qurulması üçün cəmi 2,2 milyard vəsait ayrılıb.

Məbləğ olduqca azdır. Bunu hökümət də gözəl dərk edir. Qarabağda infrastrukturun qurulması, nəqliyyat sisteminin restavrasiyası, əhalinin köçürülməsi, iş yerlərinin açılması üçün həm kifayət qədər vaxt, həm də pul lazımdır. Bura inşaat şirkətləri üçün tenderlərin keçirilməsi də daxildir. İndiki situasiyada neftin dünya bazarında qiymətinin hələ ki istənilən səviyyədə olmaması gəlirlərin də azalması deməkdir. Azərbaycanın əsas strateji idxal məhsulu neft və qazdır.

Belə olan təqdirdə, Əliyev hakimiyyəti prosesin çətinliyini dərk edir. Əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranıb, ya da beynəlxalq maliyyə qurumlarından dövlət zəmanəti ilə borc alınmalıdır. Bu da hələ riskdir. Beynəlxalq qurumlar da borcu verərkən, şərtlər irəli sürürlər. Mən hələ siyasi şərtləri demirəm. Mövcud hakimiyyət indiki halda məsələn, Dünya Bankının, BVF-nin şərtlərini qəbul edənə oxşamır. Deməli, bu halda yuxarıda da qeyd etdiyim kimi hakimiyyətin daxilində indiki və sabiq korrupsioner oliqarx məmurları məşəl ayağına çəkməkdən başqa ayrı alternativ qalmır.

Son zamanlar Səlim Müslümovun həbsi, sabiq nəqliyyat naziri Ziya Məmmədovun şatoya bənzər malikanələrinin göstərilməsi, FHN-in şefi Kəmaləddin Heydərova toxunulması, Qaçqınkomun keçmiş rəhbəri Əli Həsənovun “vurulması” buna misaldır. Bu korrupsioner məmurlar tükənməz kapital sahibləridir.

Digər tərəfdən, oliqarx çinovniklər öz qeyri-məhdud kapitallarının böyük hissəsini ölkədən çıxarıblar. Hakimiyyət də başa düşür ki, oliqarxların milyardları sabah siyasi sistem üçün ciddi problemlər yarada bilər. İndi ən ideal o olardı ki, korrupsioner məmurların ən azından ölkədən çıxara bilmədiyi kapitalın müəyyən hissəsi alınsın. Boyun qaçırdıqda isə həbs yolu həmişə mümkündür. Bəzi oliqarxlar buna dirənirlər, lakin əksər hissəsi həbs olunmamaq üçün ölkə daxilindəki tükənməz kapitallarından da imtina edə bilərlər. Yəni, bundan sonra həbs olunması gözlənilən xeyli məmur var. Ya oğurladıqları pullardan vaz keçmək, ya da uzunmüddətli həbs həyatı.

Əliyev hakimiyyəti də dərk edir ki, ölkənin idarə edilməsi sistemi dəyişilməlidir. Məhz buna görə, Türkiyədəki Varlıq Fonduna bənzər Dövlət İnvestisiya Fondu yaradıldı. Əslində, bu fondun mahiyyəti korrupsiyalaşmış oliqarxlara qarşı nəzarət mexanizminin işlək olması və monopoliyaya qarşı mərkəzləşdirilmiş sistemin qurulmasıdır.

Bir şey vacibdir ki, korrupsiyaya qarşı səmimi mübarizə apararkən, ictimaiyyət bu işə cəlb edilməlidir. Yoxsa, korrupsiyaya qarşı şura yaradıb və onun idarə heyətinə dövlət məmurları təyin olunacaqsa, bu bəri başdan uğursuzluğa düçar olma deməkdir. Necə ki, əvvəl korrupsiyaya qarşı mübarizə idarəsi yaradıb başına Ramiz Mehdivi təyin etmişdilər. Bu, qoyunu qurda tapşırmaq kimi bir şeydir. Düzdür, azərbaycanlılar o saat məmurların varidatının əllərindən alınmasını istəyir, lap yeri yeri gələndə onların Azadlıq meydanında asılmasını da tələb edir. Kütlə populistdir və bu, başa düşüləndir.

Əsas odur ki, korrupsiyaya qarşı mübarizə apararkən, kimlərisə tutmaqla iş bitmir. Bu gün korrupsiyalaşmış qoca məmur gedir, yerinə cavanı gəlir. Bəyəm, cavan məmur sabah rüşvət almayacaq? Təbii ki, alacaq. Məsələ məmuru korrupsiyadan uzaq tutacaq ciddi nəzarət mexanizminin qurulmasıdır. Bunun üçün qanunvericilikdə dəyişikliklərə də getmək olar. Mən demirəm ki, ideal bir situasiya yaradıla bilər. Mümkün deyil. Dünyanın hər yerində bu və ya digər dərəcədə korrupsiya var. Ancaq həm qanunvericilikdə müəyyən dəyişikliklər etməklə, həm də ictimaiyyətin korrupsiyaya qarşı mübarizə mexanizmində iştirakını tənzimləməklə miqyası azalda bilərik. Əlbəttə, siyasi iradə olarsa. Yəni, effektiv idarəçilik istəyiriksə, ictimaiyyətin də içində olduğu bir mərkəz qurulmalıdır.

Məsələn, azad, ədalətli bələdiyyə seçkiləri keçirilməlidir. Böyük şəhər bələdiyyələri, seçkili mer institutu təsis olunmalıdır. Eyni zamanda, 80 icra hakimiyyətinə nə ehtiyac var? Dövlət başçısı da bu detalı vurğulamışdı.

Azərbaycanda bölgələr üzrə prezident nümayəndəlikləri yaradıla bilər. Azərbaycan balaca ölkədir və 4-5 rayonu təmsil edən “valilik” aparatı yaradıla bilər. Aralarında cəmi 20 km olan iki rayonda niyə 2 icra hakimi olsun ki… Bələdiyyələr əhaliyə bir köynək yaxın olur. Bələdiyyələrin səlahiyyətlərini artırmaq olar. O zaman seçkili bələdiyyə məsuliyyətli və rentabelli olacaq. Məsələn, bələdiyyə məclislərində həm iqtidar, həm də müxalifət olacaq. Bu, elə bələdiyyə daxilində ictimai nəzarət deməkdir. Yoxsa, indiki super səlahiyyətli icra hakimiyyəti strukturları korrupsiya üçün daha münasibdir.

Sistem dəyişikliyi deyərkən, mən bunları nəzərdə tuturam:

İctimai nəzarət mexanizmi və bürokratik aparatın səlahiyyətlərinin bölüşdürülməsi.

siyasi şərhçi Kamal ƏLİYEV

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin