Sərhəddə atəş səsləri: Azərbaycan sərhəd qoşunlarını döyüşə hazır vəziyyətə gətirdi

0
4

İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 6 ay sonra Ermənistan artıq ikinci dəfədir ki, status-kvonu pozmağa cəhd edir. Bəlli olduğu kimi, ilk belə cəhd ötən ilin payızında Hadrutda edilib. Qarabağ meşələrinə xüsusi hazırlanmış diversiya dəstələri göndərən erməni hakimiyyəti daha sonra bunu “Yerevanın nəzarətindən çıxmış” hansısa aqressiv və revanşit dəstələr kimi qələmə vermişdi. Bu erməni dəstələri Hadrutda Azərbaycan hərbçilərinə və mülki şəxslərinə hücumlar həyata keçirmişdi.

Lakin Azərbaycan xüsusi təyinatlı dəstələrinin parlaq əməliyyatı nəticəsində həmin erməni dəstələri darmadağın edildi, bir qismi zərərsizləşdirildi, digərləri terrorçu-diversantlar qismində tutuldu.
İkinci təxribat isə aprelin 22-də, bu dəfə nizami erməni hərbi bölmələri tərəfindən törədilib. Üstəlik Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində. Bəlli olduğu kimi, əldə edilmiş razılaşmalar əsasında Azərbaycanın 1975-ci il sovet hərbi xəritələri əsasında müəyyən edilmiş dövlət sərhədləri bərpa olunub, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunları həmin sərhədləri mühafizəyə götürüb.

Və həmin gün-aprelin 22-də erməni silahlı bölmələri Zəngilan rayonunun Seyidlər kəndi istiqamətindəki Azərbaycan sərhəd zastavasına atəş açıb. Ddaha sonra DSX bu insidentlə bağlı yaydığı məlumatında erməni hərbçilərinin Rusiya FTX-nin sərhəd xidmətinin əsgərlərinin postuna da atəş açdığını bildirib. Lakin Rusiya tərəfinin xahişi ilə Azərbaycan tərəfi cavab atəşi açmayıb. Rusiya tərəfi insidenti “nəzarətdən çıxmış sərxoş erməni əsgərlərinin hərəkəti” kimi qələmə verib. Yəni “nəzarətolunmayan diversantlar” kimi! Prinsipcə erməni ordusunu bürümüş xaos şəraitində Rusiya tərəfinin versiyası inandırıcı görünə bilərdi, amma daha sonra baş verən hadisələr olmasaydı.

Sərhədin digər istiqamətində, Qubadlı rayonunun Şurnux kəndi istiqamətində onlarla erməni avtomobili Azərbaycan sərhədçilərinin postlarına doğru hərəkət edib, ermənilər Azərbaycan əleyhinə şüarlar səsləndiriblər, sərhədçilərimizi preventiv tədbirlər görməyə təhrik etmək istəyiblər. Lakin bu dəfə də Azərbaycan komandanlığı erməni tərəfinin bu təhriklərini soyuqqanlı qarşılayıb.

Bu təsadüfdürmü ki, sərhəd postlarına qarşı əvvəlcədən planlaşdırılmış təxribat “Zəngəzur dəhlizi” ətrafında gedən qızğın müzakirələrlə bir vaxtda baş verir? Həmin insidentlərdən az əvvəl Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində Paşinyanın 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması məsələsində destruktiv mövqeyi haqda danışıb, bunun ilk növbədə Ermənistanın özünün ziyanına olduğunu bildirib. Azərbaycan ermənilərə Laçın dəhlizini verib, amma erməni tərəfi Naxçıvana dəhliz açılmasına müxtəlif yollarla mane olur, tikinti işlərinin başlanmasını əngəlləyir. Hərçənd Laçın dəhlizinin özünün fəaliyyət göstərməsi də bir neçə illikdir, Ermənistandan Qarabağdakı ermənilərin gediş-gəlişi üçün yeni yol çəkilməlidir. Razılaşmaya əsasən bu, 3 il ərzində baş verməlidir.

İlham Əliyev bildirdi ki, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin açılmasına nail olacaq, lap güc yoluyla olsa belə.

Azərbaycan prezidentinin bu bəyanatından sonra erməni tərəfi atəş açdı. Və məhz Zəngəzur istiqamətində.

Bakıda əmindirlər ki, sərxoş erməni əsgərləri barədə versiya, hansı ki, guya onların yerlərini sonradan dəyişdiriblər,-hərbi cinayətin izlərini silməyə yönəlmiş yersiz cəhddir. Çünki bunun ardınca yaxşı hazırlaşmış mülki adamlar da Azərbaycan sərhədçilərini təhrik etməyə çalışıblar. Yalnız yüksək intizamın və effektiv komandanlığın sayəsində Azərbaycan sərhədçiləri insidentin böyüməsinin, qan axıdılmasının qarşısını alıblar.

Lakin əgər erməni tərəfi bundan sonra da Azərbaycan əsgərlərinin soyuqqanlılığını, səbrini və təmkini sınağa çəkərsə, növbəti “sərxoş xuliqanlığa” əl atarsa ön xətdə yerləşən bölmələrimiz simmetrik və dağıdıcı zərbə endirməyə məcbur olacaqlar. Belə hərbi toqquşmaların hansı dramatik və faciəvi nəticəyə gətirib çıxaracağını isə ancaq təxmin etmək olar.

Məlum olub ki, Dövlət Sərhəd Xidmətnin sərhəd qoşunlarının ön xətdə yerləşən bölmələrinə tam döyüş hazırlığı və erməni tərəfinin yeni təxribatları olarsa, cavab zərbələri endirmək əmri verilib. (virtualaz.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin