Rusiya-Ukrayna qarşıdurmasının KRİTİK GƏLƏCƏYİ və oyundakı digər AKTYORLAR – ARAŞDIRMA

0
4
siyasi ekspert Kamal Əliyev

Rusiya-Ukrayna cəbhəsindəki mövcud situasiya gərgin olaraq qalır .Düzdür, tərəflər arasında qarşılıqlı restləşmələr və çox sərt informasiya müharibəsi davam edir.

İndi dünyanın gözü Rusiya və Ukrayna arasında müharibə ehtimalının baş verməsinə cəmlənib. Buna rəğmən, tərəflər öz diplomatik kanallarını işə salıb. Donbas probleminin sadəcə iki tərəfi yoxdur.

Əslində, müharibənin baş verməməsini istəyənlər daha çoxdur. Xüsusilə, Avropa İttifaqı geniş miqyaslı müharibənin kontinental Avropa üçündə fəlakət olacağının fərqindədir.

***

Rusiya cəbhəsindən baxanda, bu, rəsmi Kreml üçün ölüm-qalım problemidir. Yəni, Rusiya geri addım atacağı təqdirdə, NATO-nun şərqə doğru genişlənəcəyi qorxusu var.

Ruslar düşünürlər ki, Ukraynaya hər hansı güzəşt, bu ölkənin qərbdən mühasirəyə alınması deməkdir. Bu baxımdan, Putinin mətbuat katibi Peskovun da dediyi kimi, müharibə Ukraynanın sonunun başlanğıcı ola bilər.

Rusiya Prezident Adminstrasiyasının rəhbərinin müavini Dmitri Kozak da Ukraynanı hədələyir. Hələ indiyəcən müşahidə etdiyim nisbətən yumşaq mövqe Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Patruşev tərəfindən nümayiş etdirilir.

O, Ukrayna ilə yaşanan problemin danışıqlar yoluyla həllinin vacibliyini vurğulayır.

Mən Putin hakimiyyətinin Ukrayna məsələsində şərti olaraq daha çox “şahin” qanadın təsirində olduğunu sezirəm. Sözümün canı odur ki, Rusiya siyasi elitasında Sergey Patruşev kimi bürokratlar çox azdır. Prinsipcə, əsas oxlar müdafiə naziri Sergey Şoyquya tuşlanıb. Şoyqu prezident Putinə kifayət qədər loyal biridir və hətta onun Putini əvəz edəcəyi ehtimalları son zamanlar xeyli artıb. Ancaq biz mövzudan yayınmayaq və necə deyərlər sədədə gələk.

Sergey Şoyqu və prezident Putin
Prezident Putin və Sergey Şoyqu

İki gün əvvəl ABŞ tərəfi “Montrö” müqaviləsi çərçivəsində Qara dənizə iki təyyarə daşıyan döyüş gəmisini göndərəcəyini bildirib.

Güman ki, ruslar da buna adekvat cavab verəcək. Gələn məlumatlara görə, Rusiya artıq Krım yarmadasında S400 raketlərini mümkün hücuma qarşı hazır vəziyyətə gətirib.

***

Putin və Ərdoğan arasında baş tutan telefon danışığında Rusiya prezidenti Ərdoğandan “Montrö” müqaviləsinə sadiq qalmağı xahiş edib və ABŞ gəmilərinə görə öz narahatlığını ifadə edib.

Yeri gəlmişkən, son günlər Türkiyənin “Montrö” müqaviləsindən tək tərəfli çıxma ehtimalları da müzakirə olunur. Bu mövzu daha çox təməli yaz aylarında atılacaq Ərdoğanın “Çılğın Proje” dediyi Kanal İstanbul layihəsi kontekstində müzakirə olunur.

Kanal İstanbul layihəsi

Dünən isə Ukrayna prezidenti Volodimir Zelenski  Türkiyə prezidenti Ərdoğan tərəfindən qəbul edildi.

Görüş nəticəsində belə məlum olur ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın Rusiya tərəfindən ilhaqını tanımır. Əlbəttə, bu ifadələr bildiyimiz və şablon siyasi söyləmlərdir. Mənim qənaətimə görə, Türkiyə bu qarşıdurmada tərəf olmaq istəmir.

Bildiyiniz kimi, Qara dənizin ən böyük hərbi donanması Türkiyəyə məxsusdur. Türklər ehtiyat edirlər ki, əgər hər hansı hərbi qarşıdurmaya NATO qatılarsa, bu, rəsmi Ankaranı da müharibənin tərəfi edə bilər. ABŞ isə sanki Türkiyəni tərəf olmağa məcbur edir. İş ondadır ki, ABŞ-ın belə hiylələrinə türklər şərbətlidir. Məsələn, Suriya problemini buna nümunə göstərə bilərik.

Zənnimcə, Ərdoğan və Zelenski arasında baş tutan danışıqlarda konkret məsələlər müzakirə olunub.

Ola bilər ki, Ukrayna Türkiyənin bitərəfliyini qəbul edir, lakin qarşı tərəfdən müəyyən silah və texnika istəyib. Ukrayna Türkiyədən daha çox pilotsuz uçuş aparatlarını (PUA) tədarük edir. Zelenski türklərdən başqa hərbi texnika da istəyə bilər.

Ukrayna prezidenti Zelenski və Türkiyə prezidenti Ərdoğan

***

Diqqətlə fikir versək görərik ki, Fransa və Almaniya münaqişədən geri durmaq taktikası güdürlər. İri miqyaslı müharibədə Ukraynanın uğur qazanacağı sual altındadır.

Arzulamazdım ki, 2008-ci ildə Gürcüstanda olduğu kimi rus tankları Kiyevin 20-30 km-nə qədər gəlib çıxsınlar. Ya da Ukraynanın şərqi bütövlükdə Rusiya tərəfindən işğal olunsun.

Müharibə ancaq dağıntılar, ölümlər deyil, həm də nəzarətsiz qaçqın problemidir. Ukrayna və Almaniya arasında bir tək Polşa var.

Suriya müharibəsi başlayandan bəri, təkcə Almaniyaya 800 min suriyalı gəlib.

Nəzərə alaq ki, ukraynalı qaçqınların Almaniyaya məsafəsi həm qısa, həm də rahatdır, üstəlik, Ukraynanın əhalisi Suriyadan daha çoxdur.

Suriyalı qaçqınlar

***

ABŞ bu müharibədə Zelenskiyə nə qədər “qaz” versə də, Avropa dövlətləri daha təmkinli yanaşma sərgiləyirlər. Hər halda, milyonlarla ukraynalı qaçqın ABŞ-a deyil, Avropaya pənah gətirəcəklər.

İndi təsəvvür edin, bu il Almaniyada, gələn il də Fransada seçkilər var. Makronun Le Pen kimi populist rəqibi var. Avropadakı millətçi, populist siyasi qüvvələr seçki dövründə qaçqın mövzusundan istifadə edirlər. Belə olan təqdirdə, ehtimal olunan Ukrayna-Rusiya konfrantasiyasında nə Qərbin, nə də Türkiyənin marağı var.

Çünki ağır müharibənin nəticələri bu aktyorlara toxunacaq. Putin kimi diktatorla hesablaşmadan əvvəl min ölçüb, bir biçmək lazımdır.

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin