Qarabağa hərbi xidmətə gələn ermənilərin HƏZİN SONU və İrəvan mitinqinə QANLI MÜDAXİLƏ-MÜSAHİBƏ

0
2

Azərbaycanın qərb “qonşusu”nda baş verən siyasi hadisələr son zamanlar dünya gündəminin ən önəmli müzakirə məsələlərindən birinə çevrilib. Gedişat, ustaca qurulmuş hiyləgər planlar və güc dövlətlərinin hansı yola “baş qoyacağı” hər bir xalq ictimaiyyətinin marağındadır. Azərbaycan xalqının müəyyən dərəcədə düzgün fikirə sahib olmasına zəmin yaratmaq və cavabı çətin ehtimal olunan bir çox məsələyə aydınlıq gətirmək üçün siyasi ekspert Kamal Əliyev ilə söhbət etdik.

Beləliklə, Ermənistanda baş verənlər, bunun bölgəyə təsiri və digər məsələlərlə bağlı siyasi şərhçi Kamal Əliyevlə müsahibəni təqdim edirik.

  • Kamal bəy, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinq, qiyamçı generalların nəticədə nə istədikləri haqqında fikirləriniz nədir?

Bu, Paşinyanın keçirdiyi ikinci mitinq idi. Etiraf edək ki, rusyönümlü Manukyanın 10 noyabrdan sonrakı mitinqlərinin yanında Paşinyanın keçirdikləri manifestasiyadır. Əvvala, Vazgen Manukyan 1 il baş nazir vəzifəsini yerinə yetirmək üçün hazırlanıb. Paşinyandan yaxa qurtarmaq istəyən Rusiya erməni cəmiyyətinə öz adamı Robert Köçəryanı tədricən hakimiyyətə gətirmək istəyir. Rəsmi Moskva buna birbaşa risk etmir və ya indiki situasiyada bunu qeyri-mümkün hesab edir. Putin də gözəl bilir ki, Qarabağ klanını təmsil edən Köçəryan, Sarkisyan və Ohanyan kimi siyasi fiqurların erməni cəmiyyətində reputasiyası bərbaddır. Ona görə də Vazgen Manukyanı və onun ətrafındakı revanşist daşnakları, necə deyərlər, istifadə edirlər.

Hamı bilir ki, daşnak İşhaq Saqatelyan normal siyasətçi deyil. Bunu başqalarına da aid edə bilərik. Digər tərəfdən, Paşinyanın “İskəndər” raketləri ilə bağlı dedikləri rusları cin atına mindirdi. Mən düşünmürəm ki, Paşinyan bunu deyərkən, siyasi məsuliyyətsizlik nümayiş etdirmişdi…

  • Ancaq Paşinyan belə bəyanat versə də, Putinlə telefonla danışdıqdan sonra “İskəndər” raketləriylə bağlı dediklərinə korrekt etdi.

Bəli, Paşinyan raketlərlə bağlı dediklərinə düzəliş etdi. Lakin iş işdən artıq keçmişdi. Rusiyanın hərbi-sənaye kompleksi “Hi Tech” deyilən yüksək texnologiyaya sahib deyil. Hətta sovet dövründən qalmış silahlar hələ depoda saxlanılır. O ki qaldı “İskəndər”raketlərindən istifadəyə, bu, istifadə olundu, ancaq Azərbaycan İsraildən aldığı “Barak-8” hava müdafiə sistemləri vasitəsilə bunun qarşısını aldı.

  • Qayıdaq Paşinyan və onun istefasını tələb edən qiyamçı generallara. Sizcə, Paşinyan nə qədər dirənəcək. Yaxud bu xaosun sonu necə qurtaracaq?

Yadınızdadırsa, Paşinyanın “İskəndər” raketləriylə bağlı fikirlərinə ilk reaksiyanı Baş Qərargah rəisinin müavini Xaçatryan göstərdi. Daha doğrusu, o, Paşinyana istehzalı yanaşma sərgilədi. Paşinyan da dərhal onu vəzifəsindən azad etdi. Daha sonra baş qərargah rəisi Onik Qasparyan hökumətin istefasını tələb etdi. O vaxt Ermənistan prezidenti Levon Ter Petrosyanı da üç erməni general təhdid etmişdi, ona ultimatum vermişdi. Petrosyan da istefa verdi. Paşinyan isə hələ ki, dirənir. Çünki, ətrafında geniş koalisiya və kütlə var. Hətta dünən onun Qasparyanla bağlı təqdimatını imzalamayan prezident Armen Sarkisyanla da görüşdü.

  • Demək istəyirsiniz ki, Paşinyan möhkəmdir və prosesdən qalib çıxacaq?

Hələ ki, belə görünür. Məsələn, o, dünənki mitinqdə siyasi böhrandan çıxmaq üçün növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Düzdür, Paşinyan yeni seçkilərin keçirilməsini artıq ikinci dəfədir istəyir. O, bilir ki, nə Vazgen Manukyanın, nə də qiyamçı general Qasparyanın ona qalib gəlmək şansları yoxdur. Təsəvvür edin, dünən İrəvandakı Respublika meydanında Paşinyan, Baqramyan prospektində də müxalifətin mitinqi keçirildi. Müxalifətin aksiyasında daha az adam gözə deyirdi. Erməni müxalifətinin arasında parlaq siyasi sima yoxdur. Elə ona görə də Rusiya Onik Qasparyanı meydana göndərdi.

  • Bəs Qərbin baş verənlərə münasibətini adekvat hesab edirsinizmi? Yoxsa Qərb hadisələri sadəcə seyr edəcək?

Ağ Evin sözçüsü Ned Prays ordunu siyasətə qarışmamağa səslədi. Və Ermənistanda demokratiyanı müdafiə etdiyini bəyan etdi. Avropa İttifaqı da bənzər bəyanatla çıxış etdi. Qərb hələ ki, izləmə mövqeyindədir. Yəni, təkcə hərbçiləri deyil, Rusiyanın atacağı addımları da yaxından müşahidə edir. Mən deyə bilmərəm ki, Qasparyan hücum edib nazirlər kabinetindən Paşinyanı çölə atacaq. Əgər belə olsa, Qərbin gözündə Ermənistanda hakimiyyətə gələnlərə qarşı legitimsizlik münasibəti yarana bilər. Əslində, Rusiya da buna maraqlı tərəf deyil.

  • Necə hesab edirsiniz, hadisələr qanlı müdaxilə ilə yekunlaşa bilərmi?

Diqqət edin, hərbi çevrilişlər, hakimiyyətlərin ötürülməsi proseslərində qanlı ssenarilər daha çox demokratiyası axsaq, siyasi institutları hələ də oturuşmamış ölkələrdə baş verir. Məsələn, Myanmarda. Hərbi xunta hər gün az qala insanları öldürür. Əgər, Onik Qasparyan ordu ilə meydanlara gələcəksə, o zaman Nikol da tərəfdarlarını küçələrə dəvət edəcək. Bu zaman olacaqları təsəvvür etmək çətin deyil.

Ermənistanın əgər ağlı qalırsa, Azərbaycan və Türkiyə ilə əlaqələrini düzəltməlidir. Yəni, ermənilər adam balası kimi, ədəbli, sakit həyat yaşamaq istəyirlərsə, azərbaycanlılar və türklərlə dil tapmalıdırlar. Başqa yol yoxdur. Guya bizimlə Sovet İttifaqı zamanında necə yaşayırdılar ?

Ermənilərin qarşısında indi iki yol var: ya bandit Köçəryanın təmsil olunduğu “Qarabağ” klanını hakimiyyətə gətirmək və beləcə tədric siyasətini davam etdirmək, ya da Azərbaycan və Türkiyə ilə diplomatik, iqtisadi münasibətlər qurub adam balası kimi yaşamaq.

  • Rusiya Ermənistanın siz deyən kimi Azərbaycan və Türkiyəyə yaxınlaşmasına imkan verəcəkmi?

Rusiyanın başqa seçimi də yoxdur. Ya qiyamçılara deyəcək ki, qırın camaatı, ya da çəkilin kənara. Birinci addım reallaşsa, bu, beynəlxalq ictimaiyyətin də qəzəbinə səbəb ola bilər. Odur ki, Rusiya da hazırki situasiyada seçim qarşısındadır.

  • Prezident Armen Sarkisyan Paşinyanın ikinci məktubunu da imzalamasa nə baş verə bilər?Yəni, Qasparyanın istefasına imza atmasa?

Əslində, Sarkisyan da müəyyən səlahiyyətləri icra edir . O, imza atmamaqda dirənir. Güman edirəm ki, Qasparyan, ya da ruslar onu qorxudub. Ermənistanda 2015-ci ildə keçirilən referenduma görə, ölkə parlament sisteminə keçdi. Bu qanun 2018-ci ildə qüvvəyə mindi. Sonra da “Qarabağ” klanının o vaxtki banditi-prezident yenidən baş nazir olmaq istədi. Daha sonra jurnalist Nikol Paşinyan artan sosial problemlərdən və “Qarabağ” klanının korrupsionerlərinə qarşı erməni xalqının nifrətindən istifadə edib bel çantasını və şapqasını da başına qoyub “Məxməri” inqilabı həyata keçirdi. Paşinyan dünən də mitinqdə dedi ki, bu ilin oktyabr ayında ölkədə referendum keçiriləcək. Referenduma dəstək olarsa, Ermənistan yenidən yarı prezidentlik sisteminə keçə bilər. Düşünürəm ki, Paşinyan oktyabra qədər hakimiyyətdə qalsa, bu arzusuna nail ola bilər.

  • İki ildən sonra da Ermənistanda seçkilər keçiriləcək. Paşinyan qalib gələ bilərmi?

Əvvəlcə, oktyabrda referendum keçirilməlidir.Əgər Paşinyan referendumda istədiyinə nail olsa, güman edirəm ki, iki il sonra yeni sistemdə lap prezident də ola bilər. Gəlin, hadisələri qabaqlamayaq. Paşinyan indi Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Xəbərlər dolaşır ki, Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağ ərazisinə erməni əsgərləri hərbi xidmətə göndərilir. Halbuki bu, 10 noyabr razılaşmasında əks olunmamışdı. Məncə, bunun arxasında Rusiyanın barmağı var. Azərbaycan hakimiyyəti məsələyə adekvat münasibət bəsləməlidir. Hələ də Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya prosesi yekunlaşmayıb. Qazaxın 7 kəndi ilə bağlı məsələ hələ də həll olunmayıb. Paşinyan nə qədər hakimiyyətdədir, biz bu məsələləri həll etməliyik. Təkrar edim ki, ermənilər firavan, təhlükəsiz yaşamaq istəyirlərsə, Azərbaycan və Türkiyə ilə dil tapmalıdırlar.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin