İran və Çinin 25 illik müqaviləsindən GÖZLƏNTİLƏR və etnik xalqların LABÜD OYANIŞI – ARAŞDIRMA

0
4

Martın 27-də Çinin xarici işlər naziri Vanq Yi və onun iranlı həmkarı Cavad Zərifin imzaladığı 25 illik əməkdaşlığa dair müqavilə haqqında kifayət qədər fikirlər bildirilib.

Qısaca onu vurğulayım ki, müqaviləyə görə, Çin qarşıdakı 25 ildə İrandakı enerji sektoruna, hərbi-təhlükəsizlik sahələrinə 400 milyard dollar investisiya yatıracaq. Əvəzində, Çin bu müqavilələrdən həm qazanacaq, həm də İran neftini dünya bazarındakı qiymətlərdən daha ucuz alacaq.

Hərçənd, ölkədəki islahatçı siyasi elita bu müqaviləni problemli görsə də, mühafizəkarlar bunu belə qələmə verənləri xain adlandırır. Hətta ali dini rəhbər, ayətullah Əli Xamanei də belə düşünür.

Gəlin bu 25 illik müqavilənin İrandakı etnik azlıqlar üzərindəki təsirlərini və ya perspektivlərini araşdıraq.

Bu, bizim üçün maraqlı mövzudur. Hər halda, İranda 25 milyon soydaşımız yaşayır. Şübhəsiz ki, bu müqavilə yaxın perspektivdə İranın daxili və xarici siyasətinə təsirsiz ötüşməyəcək. Hətta bu müqavilənin İranın xarici siyasətindəki “nə Şərq, nə Qərb” paradiqmasına uyğun gəlmədiyini və ölkədə iyunda keçiriləcək prezident seçkilərinə də təsir göstərəcəyini demək olar.

Müqavilənin müdafiə və təhlükəsizlik maraqlarına tam cavab verdiyi tezisini irəli sürənlər bunun ölkədəki etnik millətlər üzərindəki təsirlərini nəzərə almırlar. Artıq İrandakı etnik xalqlardan bu müqaviləyə etirazların gəldiyini görmək olur. Ərəblərin yaşadığı Xuzistan ostanlığında etnik və silahlı ərəb separatistlər münasibətlərini ifadə etməyə başlayıblar. Belə ki, Əhvazın Qurtuluşu üçün Mücadilə Hərəkatı və Əhvaz Milli Qurtuluş Hərəkatı “yeni növ müstəmləkəçilik” olduğunu bəyan ediblər.

Etnik ərəblərə görə, müqavilədəki enerji və təbii sərvətlər haqqındakı bənd Xuzistan bölgəsinin təbii resurslarının ədalətsiz şəkildə istismar edilməsinə yol açır. Xuzistan bölgəsi tarixi və mədəni olaraq, etnik ərəblərin kompakt halda yaşadığı ərazidir. Yəni, yerli ərəblərin narazılığı odur ki, İran və Çin bölgədəki təbii resursları öz maraqları üçün qarşıdakı 25 ildə istismar edəcəklər.

Qeyd edim ki, Xuzistandakı etnik ərəblər şiə məzhəbinə aid olsalar da, öz ərəb kimliklərini və mədəniyyətini qoruyub saxlaya biliblər. Güman edirəm ki, bölgədəki ərəblər arasında yaxın perspektivdə separatist hərəkatların intensivləşməsinə şahidlik etmiş olacağıq.

İranın illərdir başını ağrıdan etnik problemlərdən biri də ölkəni qərbindəki Sistan-Bəlucistandakı etnik bəlucların mərkəzi hakimiyyətlə yaşadıqları problemlərdir. Bəlucistanda fəaliyyət göstərən Ceyşül-Ədl və Ənsarül-Furqan adlı silahlı qruplara yaxın media orqanlarında İran və Çin arasında imzalanmış 25 illik müqaviləyə görə Sistan-Bəlucistan ərazilərindəki limanların və təbii resursların istismar ediləcəyi vurğulanır.

Gördüyünüz kimi, İran və Çin arasında imzalanmış 25 illik müqavilə ölkədəki etnik xalqlar arasında ciddi etirazlar doğurmağa başlayıb və düşünürəm ki, bu, etniklərin mərkəzi hökumətə qarşı mübarizəsində motivasiya qaynağı olacaq. Çünki Tehran rejiminin bu addımı İrandan ayrılmaq üçün mübarizə aparan etnik xalqların əlinə propaqanda imkanı verir. Uzun illərdir ki, 25 milyonluq azərbaycanlılarla yanaşı bu xalqlar da öz elementar mədəni hüquqlarından məhrumdur.

İran hazırda qaynar qazana bənzəyir. Əslində, İran rejimi Çinlə imzaladığı müqavilə ilə öz gələcək təhlükəsizliyinə zəmanət alacağını düşünsə də, bunun ölkədə yarada biləcəyi kütləvi narazılığı təxmin etməli idi. Ehtimal edirəm ki, həm Xuzistan, həm də Bəlucistanda siyasi qrupların əlinə böyük fürsət keçib və onlar bunu istifadə edəcəklər.

***

İrandakı ən böyük etnik qruplardan biri də 25 milyonluq azərbaycanlılardır. Rejim əslində ən böyük sosial-siyasi və sosial-iqtisadi təhdidi azərbaycanlılardan görür. Ehtimal edirəm ki, İranın Çinlə imzalamış olduğu 25 illik müqavilə Cənubi Azərbaycandakı millətçilik ruhunun daha da böyüməsinə və davamlılığına gətirib çıxaracaq. İrandakı türk millətçiləri bu müqaviləyə həm də uyğur türklərinə qarşı olan münasibət kontekstindən də yanaşa biləcəklər.

Hazırda Çin hökuməti uyğur türklərinə qarşı assimlyasiya siyasəti yürüdür və bu, Qərb tərəfindən sərt tənqidlərə məruz qalır.

Uyğur türklərinə qarşı yönəldilmiş soyqırım siyasəti ilə aşağıdakı məqaləmdə tanış ola bilərsiniz:

Çindən uyğur türklərinə VƏHŞİ REJİM: Zülm, qətliam və assimilyasiya-ARAŞDIRMA

 

Belə ki, yaxın perspektivdə Cənubi Azərbaycanda türk millətçiliyinin güclənməsi və böyüməsi nəhayət dünyanın da diqqətini çəkə biləcək. İran və Çin arasındakı müqavilə prinsipcə Cənubi Azərbaycandakı etnik türklərə bir stimuldur. Etiraf edək ki, İrandakı etnik ərəblər, bəluclar və kürdlər Tehran rejiminə qarşı daha təşkilatlıdırlar.

Azərbaycanlılara gəldikdə, bu, daha marginal və təsirsizdir. Bunun belə olmasında kifayət qədər səbəblər var, lakin İrandakı etnik türklər nəhayət öz mədəni hüquqları üçün daha mütəşəkkil olmaq məcburiyyətindədirlər. Yəqin ki, Tehran rejimi də ölkədəki etnik xalqlara qarşı Çinin təcrübəsindən yararlanacaq.

Lakin yuxarıda da dediyim kimi, 25 illik müqavilə etnik azərbaycanlılar üçün fürsətlər də yaradır.

siyasi ekspert Kamal Əliyev

“Kainat”Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin