İlham Əliyevə GENERALİSİMUS rütbəsi verilsin! – DTX-nin ehtiyatda olan polkovniki MM müraciət etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ehtiyatda olan polkovniki Vahid Zeynalov Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət edərək prezident İlham Əliyevə Generalisimus hərbi rütbəsi verməyi xahiş edib. 

KAİM.az-ın xəbərinə görə, polkovnik müraciətində Azərbaycanda generalissimus rütbəsinin təsis edilməsini və  Ali Baş Komandan, Prezident İlham Əliyevə bu rütbənin verilməsini xahiş edib:

“Hörmətli Sahibə xanım, bu gün Azərbaycan xalqı tarixinin ən qürurlu, sevincli günlərini yaşayır. 30 ildir həsrətlə gözlədiyimiz günlərə qovuşduq.

Bu qüruru, sevinci bizlərə qaytaran Şanlı Azərbaycan Silahlı Qüvvələri və onun müzəffər Ali Baş Komandanım cənab İlham Əliyev oldu.

Çoxsaylı xarici təzyiqlərə baxmayaraq, öz xalqına arxalanan dəmir iradəli, güclü diplomat və müzəffər sərkərdə olan cənab İlham Əliyevin qətiyyəti, 17 ildə yürütdüyü xarici və daxili siyasəti nəticəsində 30 illik həsrətə 44 gündə son qoyuldu.

Bir qayda olaraq müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara, yüksək hökumət adamlarına və dövlət başçılarına generalissimus rütbəsi verilir.

Tarixdə bir çox ölkələrdə fərqli vaxtlarda 1569-cu ildən bu rütbəyə Avstriyada 3, Almaniyada 3, İtaliyada 3, Çində 6, Fransada 12, Rusiyada 6, keçmiş SSRİ-də 1 nəfər layiq görülüb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi şücaət, qəhrəmanlıq ona generalissimus rütbəsinin verilməsini labüd edir.

Ona görə də xahiş edirəm Azərbaycan Respublikasında generalissimus rütbəsinin yaradılması haqqında qərar qəbul edəsiniz və xalqımızın qəhrəman oğlu, müzəffər sərkərdə, güclü diplomat cənab İlham Əliyevə həmin rütbəni verəsiniz.

Qoy, Prezidentimiz Qələbə Paradını həmin rütbə ilə qəbul etsin!

Yaşasın Azərbaycan, yaşasın cənab Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin