DETALLAR BƏLLİ OLDU! Elçin Quliyev niyə Şuşa və Xankəndi arasında sərhəd qurmaq istəyir?-MÜSAHİBƏ

0
7

Son günlər baş verən önəmli gəlişmələr Azərbaycan tarixində dərin izlər buraxmaqla bərabər, birbaşa beynəlxalq əlaqələrimizə və daxili idarə mövqeyimizə təsirsiz ötüşməyəcək. Oxucularımızın gündəmdəki hadisələri düzgün təhlil etmələri və olanlardan dəqiq nəticə çıxarmalarını təmin edə bilmək üçün xüsusi əhəmiyyətli sualların cavabını axtardıq.

Bu məqsədlə, gündəmdəki əsas mövzuları KAİM.az olaraq, siyasi ekspert Kamal Əliyevlə müzakirə etdik.

-Prezident İlham Əliyevin bu gün məmurlarla bağlı dediklərini necə şərh edərdiniz? Sizcə, hakimiyyət iyerarxiyasında mərkəzdənqaçma meyilləri müşahidə olunurmu?

  • Mən buna birmənalı mərkəzdənqaçma meyli kimi yanaşmaqda tələsmək istəməzdim. Hesab edirəm ki, işğaldan azad edilmiş torpaqlarda sadə azərbaycanlılardan çox, iri ranqlı məmurlar iştahı var. Heç kimə sirr deyil ki, total şəkildə varlanmış məmur sinifi ölkənin ərazisini öz subyektləri kimi görür. İndi gözləri Qarabağdadır. Bu ərazinin zəngin turizm potensialı var. Əliyevə müraciət edən məmurlar da əllərini ovuşdururlar ki, oranı necə yeyib talayacaqlar. Bu baxımdan zənn edirəm ki, Əliyev hakimiyyəti daxilində mərkəzdənqaçma deyil, daha çox oliqarx məmurların tükənməz sərvət,var-dövlətə olan tamahkarlığı əsas göstəricidir.

-İlham Əliyev hətta bəzi nazirlərin, komitə sədrlərinin adını da çəkdi. Necə düşünürsünüz, ola bilərmi ki, hakimiyyət daxilində yeni kadr dəyişikliklərinə gedilsin?

  • İstisna etmirəm. Biz vaxtaşırı hakimiyyət daxilində özünəməxsus kadr dəyişikliklərinin şahidi oluruq. Sonra baş verənlər də göz önündə. Necə deyərlər, gələn gedənə rəhmət oxutdurur. Mənim diqqətimi çəkən daha çox Kəmallədin Heydərov və DSX rəisi Elçin Quliyevin prezidentdən etdiyi xahişlərdir. Elçin Quliyevə deyən lazımdır ki, Şuşada sərhəd zastafasına nə ehtiyac var? Əlbəttə, bir vaxtlar əlinə uzun bayraq alıb reklam edən Elçin Quliyevin də burda biznes maraqları var. Mən bu məsələdə bir az da yumor sezirəm. Elə bil ki, Şuşa və Xankəndi arasında sərhəd zolağı inşa ediləcək, Elçin Quliyev də sərhədçilərin bu iki şəhər arasında xidmət etməsini istəyir. Deməyim odur ki, bu oliqarxlar özlərini inandırıblar ki, Xankəndi heç vaxt Azərbaycana qaytarılmayacaq.

– Xankəndidən söz düşmüşkən, biz ora qayıda biləcəyikmi? Və ya bu, nə zaman baş verəcək?

  • Məni də bu sual həmişə maraqlandırır. Təkcə Xankəndi yox, Ağdərə, Xocalı, Xocavənd və Laçın dəhlizinin aqibəti necə olacaq. Gəlin, əvvəlcə Laçın dəhlizindən başlayaq. Siz də bilirsiniz ki, Laçın dəhlizi düz Laçın şəhərinin mərkəzindən keçir. 10 noyabr razılaşmasının detallarında da göstərilir ki, 2023-cü ildə Laçın şəhərinin mərkəzindən keçən koridor şəhərin kənarında inşa ediləcək. Əslində, mən rusların bu öhdəliyə əməl edəcəyinə əsla inanmıram. İki il sonra hər şey məlum olacaq. O ki qaldı Xankəndi məsələsinə, bizim Xankəndiyə qayıtmaq şansımız bir halda mümkündür ki, orda rus sülhməramlıları olmayacaq. Digər tərəfdən, mən o qədər sadəlövh deyiləm ki, rusların 2025-ci ildə Yuxarı Qarabağdan çıxacağına inanım. Ruslar girdikləri yerləri nadir halda tərk edə bilərlər. Yəni, Yeltsin kimi biri gəlib prezident olacaq, Rusiyanın daxilində hər hansı ciddi kataklizimlər yaşanacaq, bəlkə ondan sonra ruslar tərk etsinlər. Əgər biz nə vaxtsa Xankəndini Azərbaycanın yurisdiksiyasına daxil edə bilsək, Ağdərə, Xocavənd, Laçın dəhlizi üzərində də nəzarəti ələ ala bilərik. Mən hələ ki, yaxın gələcəkdə bunu real hesab etmirəm.

– Qayıdaq İlham Əliyevin məmurlar haqqında dediklərinə. Sizcə, FHN-i tənqid etməkdə məqsəd nə idi?

  • Məqsəd çox sadədir; Kəmaləddin Heydərovun da yavaş-yavaş təqaüd vaxtı çatır. Xatırlayırsınızsa, bir müddət əvvəl hökumətə yaxın olan mediada Kəmaləddin Heydərovun ölkədən 28 milyard pul çıxardığı haqqında məlumatlar tirajlandı. Bu, sıradan bir hadisə deyildi. Heydərov Əliyev hakimiyyətinin ən qocaman məmurlarından biridir və kifayət qədər təcrübəlidir. Onun çox pulu var və arxasında mediası da var. Zənn etmirəm ki, Heydərov dövlət çevrilişi etmək gücündədir. Lakin, hər kəsin də bir sonu var. Bu dünya Sultan Süleymana qalmadı. O ki qaldı, cənab Heydərovun Şuşada FHN-nin regional mərkəzinin açılmasına, bu ,sadəcə ona da yerinin göstərilməsinə imkan verdi. Bir sözlə, Kəmaləddin Heydərov elə bu il yola salına bilər. Yaxasına da yaxşı bir medal sancmaqla bir dövrün sonunu görəcəyik.

-Tarif Şurasının suyun qiymətləri ilə bağlı son qərarını necə şərh edərdiniz?

  • Ümumiyyətlə, “Azərsu”ASC büdcədən hər il milyonlarla dotasiya alan qurumlardan biridir. Bu qurumun mətbuat xidmətinin rəhbəri də deyir ki, avadanlıqlar, materiallar almağa gücümüz çatmır. Mən buna inanmıram. Adamdan soruşarlar ki, bəs büdcədən aldığınız dotasiyanı nə etmisiniz? “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynovun ölkənin ən korrupsioner məmurlarından biri olduğu haqqında illərdir yazılır. Hətta onun FETÖ-yə yaxın türk iş adamlarına yaxın olduğu, oğlunun bir zamanlar Fətullah Gülənə yaxın Fatih Universitetində təhsil aldığını da bilirik. Qorxmaz Hüseynov övladının təhsil haqqını da rəhbərlik etdiyi qurumun hesabından ödəyirdi…

-Tarif Şurasının qərarı bu ərəfədə nə qədər məntiqli idi?

  • Məntiqli deyildi. Əvvala, korrupsiyalaşmış məmur sinifi üçün məntiq deyilən şey yoxdur. Əhalinin ağır sosial-iqtisadi vəziyyətində belə bir absurd qərarın verilməsi başadüşülən deyil. Təsəvvür edin ki, suyun qiymətini 100% qaldırırsan. Bunu edərkən, Milli Məclislə hesablaşmırsan. Mən hələ də anlamıram, Azərbaycanda Milli Məclis nə üçündür. Əhalinin birbaşa ailə büdcəsinə təsir edən qərarlar niyə qanunverici orqanda müzakirə mövzusu olmur. Heç olmasa, gözdən pərdə asaraq, bu addımlarınızı Milli Məclisdə müzakirə edin. Onsuzda qəbul edəcəksiniz.

-Əsgərlərin əmək haqqlarında və ərzaq qiymətlərində də artım müşahidə olunur…

  • Əsgərlər demişkən, Elçin Quliyevə demək istərdim ki, Şuşada sərhəd zastafası qurmaq yerinə Süniklə sərhəddə dayanan əsgərlər üçün kazarma tikmək haqqında təklif verəydi. Verməz, çünki kazarma işində korrupsiya onun istədiyi səviyyədə olmayacaq. Hərbi qulluqçuların maaşı məsələsi həm də Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Bu nazirlikdən də hələ də iknaedici münasibət görmürük. Ərzaq qiymətlərinin artımı uzun müddətdir, hətta pandemiya dövründən bəri artan xəttlə davam edir. Benzinin qiymətinin artmasından sonra gündəlik qida məhsullarının artımı sürətlə gedir. Bunun bir çox səbəbləri var; oliqarx nazirlərin korrupsiya mexanizmi,yalnış kadr siyasəti və s.

-Son olaraq,Ağdamda yaradılan Türkiyə-Rusiya müşahidə missiyasına münasibətiniz necədir?

  • Bu gün mən Rusiyanın keçmiş prezidenti və baş naziri olmuş Dmitri Medvedyevin fikirləri ilə tanış oldum. Medvedyev deyir ki, Türkiyənin Qarabağda olması bir reallıqdır. Bilirsiniz, ruslar Suriyada türklərlə birgə müşahidə missiyası həyata keçirir. Yəni, rusların bu mənada türklərlə işləmək təcrübəsi var. Mən şəxsən bu müşahidə missiyasını müsbət qiymətləndirirəm. Türk əsgərinin Qarabağda varlığı Azərbaycan üçün həyati önəm daşıyır. Bu, ermənilərə çox ciddi psixoloji təzyiq metodudur. Ərdoğan və Putin arasında bizim hələ də bilmədiyimiz razılaşmalar var. Hər iki prezident Qafqazdakı nəqliyyat dəhlizinin həyata keçməsində maraqlıdır. Bununla Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzərində hər iki ölkə Qərbi ortadan sıxışdırıb çıxaracaqlar. Nəzərə alsaq ki, ABŞ-ın yeni prezidenti Co Baydenin Rusiya, İran, hətta Türkiyə ilə problemləri var, Ərdoğanın 3+3 formatlı əməkdaşlıq modeli də bunu əks etdirir.

Kamal ƏLİYEV

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin