Co Baydenin dünya liderlərinə qarşı siyasətinin GİZLİNLƏRİ və ƏSAS HƏDƏFLƏRİ – ARAŞDIRMA

0
2

Oxucular üçün həm qısa, həm də maraqlı olacağını düşündüyüm üçün bu məqaləni qələmə aldım. ABŞ-ın yeni prezidenti Co Baydenin yaxın 4 ildə dünya liderlərinə qarşı izləyəcəyi siyasi xəttin əsas parametrlərini aşağıdakı kimi təsnifatlaşdırıram…

***

Düşünürəm ki, Bayden Qərb blokunun vektoruna daxil olan avtoritar iqtidarlara qarşı bir çoxlarının gözlədiyi sərt siyasi xətt seçməyəcək.

Biraz da açım: Bayden ABŞ-ın siyasi və təhlükəsizlik maraqları prizmasından yanaşaraq, bəzi rejimləri yıpratmaq siyasətinə yer verməyəcək. Şübhəsiz ki, bunun ən əsas səbəblərindən biri Qərb blokunda “radikal sağın” güclənməsidir.

Qərb blokunda xeyli populyarlaşmış iqtidarlar açıq-aydın Şərq blokundakı avtoritarizmə heyranlıq bəsləyirlər. Bu nöqtəyi nəzərdən, qarşıdakı 50 ilin siyasi konfiqurasiyasını təmin etmək üçün Bayden adminstrasiyası hər vəchlə Qərb blokunda demokratik və liberal dəyərlərin restavrasiyası üçün həmlələrini davam etdirəcək.

Çin

1970-ci illərdən bu yana ABŞ Çin ilə “win-win” siyasəti yürüdürdü. Yəni, ABŞ kommunist Çin ilə ikitərəfli münasibətlərdə tarazlıq modeli tapmışdı. Çin bu zamana qədər özünü sülhsevər və öz iqtisadi inkişafının qayğısına qalan bir ölkə kimi göstərirdi.

Yeni dünya sistemində isə kartlar dəyişir: Çin hazırda Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında öz iqtisadi və siyasi gücünü pərçimləyir. Hətta Çin şərqi Avropa və Serbiya kimi ölkələrə milyardlarla dollar sərmayə qoyur.

Bu, təkcə finans mövzusu deyil, eyni zamanda Çinin eksponsionist siyasətidir. Çinə qarşı siyasəti dəyişən Tramp oldu. Lakin Bayden də sələfinin Çin siyasətini ehtimal edirəm ki, dəyişməyəcək.

Hindistan

İndiyə qədər ABŞ Çini “cash cow” – sağmal inək kimi istifadə etdi. ABŞ əvvəllər Çində ucuz mallar istehsal edib Qərbdə baha qiymətə satırdı. Nəticədə Çində güclü orta təbəqə yarandı kı, bu üstünlük hətta Qərbi Avropa ölkələrini də ötüb.

Yuxarıda da dediyim kimi, indi kartlar dəyişdiyindən ABŞ bu vəzifəni Hindistana tapşıracaq. Nəticədə önümüzdəki 100 ildə Çin-Hindistan rəqabəti mümkün olacaq.

Türkiyə

Co Baydenin Türkiyə prezidenti Ərdoğana münasibəti heç də xoş deyil. Heç Ərdoğanın da ona gözü atmır. Bayden Ərdoğana təzyiq göstərəcək, onu yıpratmağa çalışacaq. Lakin bunun öhdəsindən gəlməzsə, Ərdoğan Türkiyəsi Şərq blokuna keçər. Bu da ABŞ və Avropa üçün sözün hər mənasında fəlakət olar.

Ehtimal edirəm ki, Bayden Türkiyənin Rusiyadan uzaqlaşması üçün ciddi güzəştlər təklif edəcək. Lap elə S400 problemini qabartmayaraq, türklərə F35 qırıcı təyyarələrinin verilməsini təmin edə bilər. Ancaq Ərdoğan da 2023-cü il seçkilərini qazanmaq istəyir. Elə ona görə də ABŞ-la danışıqlar masasına öz təklifləri ilə oturacaq.

Bu arada 2 il əvvələ qədər Türkiyə vətəndaşlarına viza verməyən Çin hazırda Türkiyəyə koronavirusa qarşı peyvənd və aşağı səviyyəli kreditlər verir.

Səudiyyə Ərəbistanı

Bayden adminstrasiyası Səudiyyə krallığının rəhbəri kimi kral Salmanı qəbul edəcəyini bəyan edib.

Şahzadə Məhəmməd bin Səlman (MBS) jurnalist Camal Qaşıqçının ölümündə 1 nömrəli günahkardır. Buna rəğmən, Səudiyyə Ərəbistanının Çinin vektoruna girməsi ABŞ-ın Yaxın Şərq siyasətini tarumar edərdi.

ABŞ həm də S.Ərəbistanına İrana qarşı mübarizədə kömək edəcəyinə ciddi öhdəliklər götürüb.

Avropa İttifaqı

Bayden adminstrasiyasının Avropa İttifaqında ən ciddi problemi radikal sağçı partiyaların güclənmiş olmasıdır.

Hətta bəzi ölkələrdə neonasist partiyalar hökumətdə təmsil olunan koalisiya ortaqlarıdır. Məsələn, Avstriyada radikal sağ hökumətdə təmsil olunur. Baydenin məqsədi Qərbi Avropada populist sağın önünü kəsməkdir. Populist partiyalar ABŞ-ın Avropada dayaqlarını məhv edir.

Bu üzdən, siyasi populizm Avropada ən azından minimuma endirilməlidir.

İran

Trampın radikal İsrailyönümlü və populist siyasəti İranı Çinin qucağına atdı. Çin ötən həftə İranla 25 illik müqavilə bağlamaqla bu ölkəyə 400 milyard dollar investisiya qoyacaq.

Çinin neft və təbii qaz ehtiyacı böyükdür. Təbii ki, Trampın populist siyasi atakları İranı Çinin orbitinə saldı – ən azı 25 il. İndi ABŞ-ın əsas dərdi Yaxın Şərqdəki başqa ölkələri də Çinə uduzmamaqdır.

Ona görə, Bayden adminstrasiyası bəzi strateji dəyişikliklərə gedəcək. Əks təqdirdə, Çinin daha da eksponsionist siyasətinin qarşısını almaq asan olmayacaq.

Rusiya

Əslində, Baydenin Rusiya strategiyası haqqında kifayət qədər mülahizələr irəli sürmək olar. Baydenin Putinə “qatil” deməsindən, ABŞ-dakı seçki prosesinə qarışmasına qədər.

Rusiya Ukraynada cığallıq edir. Bu, şübhəsiz ki, ABŞ-ı narahat edir. ABŞ-ın Qərbi Avropadakı müttəfiqləri də çox narahatdır. Lakin mən o qədər sadəlövh deyiləm ki, indiki məqamda ABŞ və müttəfiqlərinin Rusiya ilə fəal konfrontasiyaya girəcəyinə inanım.

Rusiyanın əsas gəliri neft və qazdır (70%). İndi Birləşmiş Ştatların əsas hədəflərindən biri Rusiya və Almaniya arasında inşası demək olar ki, başa çatmış “Şimal Axını-2” layihəsini deaktivizasiya etməkdir. Bu layihə həm Avropanı Rusiyanın enerji “müstəmləkəsi” edə bilər, həm də bu ölkəyə çox pul qazandıra bilər. Putin də qazandığı pul ilə şübhəsiz ki, öz eksponsionist siyasətini Avropanın daxilinə doğru genişlədə bilər. Bax, əsas ciddi təhlükə də ABŞ üçün budur.

İndi Rusiyaya daha çox iqtisadi təzyiqlər (sanksiyalar) və dünya bazarında neftin uzun müddət ucuz qiymətə satılmasıdır…

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin