Bayden və Ərdoğanın münasibətləri necə DƏYİŞƏCƏK? – ABŞ və Türkiyə arasında YENİ PERSPEKTİVLƏR / ARAŞDIRMA

0
4

ABŞ prezidenti Co Bayden ötən il hələ Demokratlar partiyasından digər namizəd Berni Sanders ilə rəqabət apararkən, xarici siyasət haqqında da bəzi fikirlərini söyləmişdi. Bayden demişdi ki, Ərdoğanın hakimiyyətdən getməsi üçün çalışacaq. Lakin ABŞ bunu seçki yoluyla etməlidir. Üstündən bir müddət keçəndən sonra, Baydenin bu sözləri Türkiyədə ciddi müzakirə olundu və Ərdoğanın müxalifləri bu ifadələri qəbul etmədiklərini açıq ifadə etdilər.

Əslində, Türkiyə müxalifəti də Baydenin bu sözlərinin perspektivdə daha çox Ərdoğana yaradıgını bilirdilər. Ümumiyyətlə, Ərdoğan kimi populyar və xarizmatik siyasətçilər bu fürsəti heç vaxt əldən buraxmırlar və öz elektoratlarını “düşmən”-in üzərində rahat konsolodasiya edə bilirlər.

Dünən nüfuzlu “Reuters” agentliyinin Türkiyə ilə bağlı maraqlı bir analizini oxudum. Zənnimcə, bu analitik məqaləni diqqətlə oxumaq lazımdır. Məqalənin başlığı “Əvvəlcə Türkiyə: Ərdoğanın gücü Baydenə əngəl çıxarır” deyə tərcümə olunur. Məqalənin bir yerində Baydenin hələ o vaxt ABŞ-ın vitse prezidenti olarkən, 2016-cı ilin avqustunda Ankaraya gəldiyi yazılır. Xatırlayırsınızsa, 2016-cı il iyulun 25-də Türkiyədə arxasında din xadimi Fətullah Gülənin olduğu iddia edilən dövlət çevrilişinə cəhd olmuşdu. Mən bu hadisəyə ona görə “iddia” deyirəm ki, Qərb mediası hələ də bu hadisədə təriqət lideri Gülənin olduğuna ehtiyatla yanaşır. Ancaq çevrilişin arxasındakı gücün kim olduğu hər kəsə aydındır. Deməli,Bayden 2016-cı ildə Ankarada olarkən, bombalanan Türkiyə parlamentinin binasını da ziyarət etmiş və bu hadisəni pisləmişdi. Hərçənd, o vaxt yadımdadır ki, ABŞ-ın “Fox News” xəbər kanalı Ərdoğanın Almaniyadan siyasi sığınacaq istədiyini yazmışdı. Bir məsələni də xüsusilə vurğulamaq yerinə düşər ki, 2016-cı ildə Bayden Ərdoğanla görüşərkən, artıq türk əsgərləri Suriya ərazisinə daxil olmuşdu.

Hətta o zaman Pentaqonun havadan türk ordusuna dəstək verdiyi də deyilirdi. Lakin dövr dəyişib. Yəni qlobal çağırışlar ortaya çıxıb. Eyni zamanda, geopolitik mənzərə də əvvəlki kimi deyil. Baxmayaraq ki, hələ keçən ilə qədər Ərdoğanı avtoritar lider adlandıran Bayden artıq fikirlərində korrektliyə gedə bilər. Siyasətdə buna politkorrektlik də deyirlər. Mən düşünmürəm ki, ABŞ-Türkiyə münasibətləri çox tezliklə yoluna qoyulsun. Hətta iki dövlət arasında bəzi psixoloji baryerlərdə yaranıb. Türkiyə 2016-cı ildən bu yana ABŞ-ın Suriyada dəstəklədiyi kürdlərə üç dəfə hücum edib, Liviyadakı vətəndaş müharibəsinin seyrini dəyişdirib, Rusiyadan S400-ri aldı, Şərqi Aralıq dənizində “Mavi Vətən” konsepsiyası çərçivəsində öz strateji maraqlarını qorudu. Bundan əlavə, 44 günlük Qarabağ müharibəsində Türkiyə Azərbaycana həm hərbi, həm də diplomatik dəstək verdi.

Ötən həftə Ərdoğan qadın hüquqlarıyla bağlı “İstanbul Konvensiyası”-ndan çıxdı. Elə AKP hökuməti 2011-ci ildə bu konvensiyaya qoşulmuşdu. Bu qərar Qərbi narahat etdi, ancaq tərəflər arasında daha vacib fikir ayrılıqları var.

Dünən Avropa İttifaqı və Türkiyə arasında danışıqlar baş tutdu. Aİ bundan sonra da Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını, problemlərin diplomatik yolla həllini istədiklərini bəyan etdilər. Açığı deyim ki, Aİ-in əsas qayğısı qaçqınlar və illeqal miqrasiya dərdidir. Postpandemiya dövründə yeni qaçqın dalğasının yaşanması ehtimalı avropalıları Türkiyə ilə daha çox anlaşmağa sövq edir. Bu, birmənalı olaraq belədir.

Türkiyə prezidentinin xarici siyasət strategiyası “Əvvəlcə Türkiyə” tezisinə dayanır. Ərdoğan hökuməti Rusiya və Çinlə də münasibətlərini qorumaq istəyir. O, bunun ABŞ tərəfindən qəbul edilməsinə də çalışır. Suriyada Türkiyə və Rusiyanın Əsəd rejiminə qarşı münasibətləri fərqli olsada, Astana prosesi çərçivəsində tərəflər birgə işləyirlər. Liviyada Rusiya hərbi xuntasının lideri Xəftəri dəstəkləsə də, Türkiyə BMT tərəfindən tanınan milli etimad hökumətini müdafiə edir. Məhz Türkiyənin dəstəyi ilə Xəftərin hücumlarının qarşısı alındı. Liviya məsələsində də ABŞ və Türkiyənin mövqeləri eynidir. Əsas ziddiyətlər Suriyada kürdlərin ABŞ tərəfindən dəstəklənməsidir. Bunu Brüsseldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Blinkenlə görüşündə də dilə gətirdi.

Bayden və Ərdoğan arasında əsas ziddiyyətlərdən biri də türklərin Rusiyadan aldığı S400 sistemləridir. Mən Türkiyənin S400 komplekslərindən imtina edəcəyinə inanmıram. Ən yaxşı halda iki dövlət arasında aralıq bir formul tapıla bilər. Bu gün ABŞ üçün ən vacib olan hədəf Rusiya təhdidinə qarşı Trans-Atlantik məkanın vahidliyini təmin etməkdir. Hədəf Rusiya və onun ipə-sapa yatmayan avtoritar lideri Vladimir Putindir.

Təsəvvür edin, Putin bütün postsovet məkanını Rusiyanın tarixi torpaqları sayır. İqtisadiyyatı bərbad vəziyyətdə olan, müasir texnogiyalara çıxış imkanları zəifləyən bir ölkə qonşularını hərbi intervensiya ilə təhdid edir. Putin sözün hər mənasında təcavüzkardır və qatildir. Belə olan təqdirdə, Qərb öz təhlükəsizliyini, dəyərlərini qorumaq üçün birgə mübarizə konsepsiyasının üzərində işləməlidir. Bu nöqteyi nəzərdən NATO Rusiya təhlükəsinə qarşı Türkiyə ilə daha sıx kontaktda olmalıdır. Məncə, ABŞ-da və Brüsseldə bunu düşünən xeyli sayda rasional siyasətçilər, bürokratlar var.

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin