“Azərbaycana Ararat və Vaykdan da 7-8 kənd veriləcək” – Şahnazaryandan son dəqiqə açıqlaması

Azərbaycanın Ermənistanla sərhəddini sahmana salması və qanunla nəzərdə tutulmuş ərazilərimizdə təhlüksəzilik tədbirləri həyata keçirməsi İrəvanda ciddi narazılığa gətirib çıxarıb.

KAİM.az xəbər verir ki, Ermənistanın paytaxtında məsələ ilə bağlı müxalifətin etirazları bu gün keçirilən “Matəm günü”ndə də səngiməyib. Bu azmış kimi, müxalifət düşərgəsi bəyan edir ki, baş nazir Nikol Paşinyan təkcə Sünik vilayətində deyil, həmçinin daha iki vilayətdən də torpaqlarımızı qaytaracaq.

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sabiq rəhbəri, fövqəladə və səlahiyyətli səfir David Şahnazaryan jurnalistlərə açıqlamasında Nikol Paşinyanın satqın olduğunu və Azərbaycanla əlaqələrin qurulması üçün bundan sonra daha bir çox əraziləri “qurban” verəcəyini bildirib. “Təkcə Sünik vilayəti deyil, bütün Ermənistan təhlükə altındadır. Paşinyan ona görə hakimiyyətdə qalır ki, ona daha bir neçə addım atmalıdır. Onun birinci işi qoşunları geri çəkməkdir. Ardından şimal istiqamətində, Ararat, Vayk və Sünik rayonlarından daha 7-8 kəndi Azərbaycana verməlidir. Onun xəyanətkar məqsədlərindən biri də odur ki, daha çox torpaq verərək, guya təhlükəsizliyimizi təmin etməlidir. Bunun ardından isə Paşinyan Azərbaycanla demarkasiya müqaviləsi imzalayıb, diplomatik əlaqələri bərpa edəcək”.

Şahnazaryan açıqlamasında Nikol Paşinyanın “xəyanətləri”nin bununla da yekunlaşmayacağını iddia edib. O bildirib ki, baş nazir Sünik istiqamətində bir neçə yeni yolun tikintisini də reallaşdıracaq. “Bu istiqamətdə Azərbaycandan Türkiyəyə qaz xəttinin çəkilməsi planı da var. Həmin kəmər isə Ermənistanın nəzarətində olmayacaq. Paşinyan həmçinin Türkiyə ilə də diplomatik əlaqələri bərpa edəcək. Bu adam Ermənistanı tam dəyişməyi qarşısına məqsəd qoyub”.

Keçmiş xidmət rəisi sonda vurğulayıb ki, Nikol Paşinyan Ermənistan dövlətini zəiflətmək, Qarabağ barədə susmaq və ordunun zəiflədilməsi missiyasını həyata keçirir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin