“ATU-nun həkimi “New med”lə əlbir olub, XƏSTƏLƏRİ SOYUR” – 350 manatlıq BİOPSİYA

Azərbaycanda hər gün yüzlərlə xəstə onkoloji xəstəlik şübhəsi ilə müayinəyə gedir, analizlərdən keçir. Bakıda onkoloji xəstəliklər üzrə ixtisaslaşmış 2 əsas dövlət klinikası var: Milli Onkologiya mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası.

KAİM.az xəbər verir ki, Asudə Abdulova adlı şəxs müayinə üçün ATU Onkoloji xəstəxanasının onkoginekoloqu Ülviyyə Əliyevaya müraciət edib. Həkim isə xəstədən özəl klinika qiymətinə biopsiya götürüb.

Pasiyentin qızının şikayətini KONKRET.az-a istinadən təqdim edirik:

“Anam yaşadığımız ərazi üzrə xəstəxanada USM olundu və onun uşaqlığında problem olduğunu görüb, Tibb Universitetinin Onkoloji klinikasına yönəltdilər.

Aprelin 5-də anam ATU Onkoloji xəstəxanasında onkoginekoloq Ülviyyə Əliyevanın qəbulunda olur. Həkim onu həmin yerə yaxın özəl “New Med” klinikasına göndərir ki, gedin orda 30 manat ödəyin mən də gəlirəm: “Anam gəlinimizlə bu laboratoriyaya gəlir, kassada 30 manat ödəyir. Rentgen və hepatit analizi verilir. Bunu da xəstənin kovid və hepatit olub-olmamasını aydınlaşdırmaq üçün ediblər.

Sonra Ülviyyə həkim gələrək, heç bir ödəniş demədən, anamı biopsiya edib. Biopsiya materialını gəlinimizə verib ki, bunu apar ATU Onkoloji klinikasının histoloji laboratoriyasına. Orda da analiz üçün 30 manat ödəniş alınıb. Ülviyyə Əliyeva gəlinimizə “qaynanan onkoloji xəstədir, əməliyyat olmalıdır, heç biopsiyanın cavabını gözləmədən etməliyik” deyərək, əlavə olaraq biopsiya üçün 350 manat pul istəyib. Anamgilin üzərində cəmi 200 manat pul olub.

Mənə zəng etdilər ki, bizi buraxmırlar ki, pulu ödəyin. Pulu isə əlbəəl Ülviyyə Əliyeva alıb. “New Med”ə zəng etdim ki, 350 manat pul alırsız, bəs çekini verəcəksiz? Onlar isə əvvəlki 30 manatın çekini veriblər, 350 manatın yox. Mən həkimə zəng edərək iradımı bildirdim, biopsiya 350 manatdırsa və onun çekini klinika vermirsə, siz nə haqla bu pulu alırsız? İkincisi biz dövlət xəstəxanasına getmişik, bu qiymətə biopsiya olunur?

Mənə telefonda deyir ki: “Pulun dərdini yox, get ananın dərdini çək. Mən narkoz vermişəm, əlim qana batıb, əziyyət çəkib biopsiya etmişəm”. Mən bildirdim ki, əgər qadın onkoloji xəstədirsə, nə ixtiyarla öncədən xərcini demədən orqana əl vurursan? Edirsənsə, çeki hanı? Anamı niyə özəl klinika ilə əlbir olub soymusan? Bu, rəsmən soyğunçuluqdur. Həkim oradan qışqırdı ki, mən indi tapşıracam bütün onkoloq cərrahlara ki, bu xəstəni əməliyyata götürməsinlər. Mən isə artıq qərar vermişdim ki, nəinki Ülviyyəyə, ümumiyyətlə, dövlət klinikasında heç kimə anamı etibar etməyəcəkdim.

Məsələ ilə bağlı klinikanın baş həkimi Rəşad Məmmədxanlıya zəng etdim. Araşdırıb köməklik göstərəcəyini desə də, sonradan klinika cəmi 100 manatın çekini verəcəyini bildirdi. Sözsüz ki, klinika vergi qanunvericiliyi ilə yanaşı istehlakçı hüquqlarını da pozur. Belə çıxdı ki, anam dövlət xəstəxanasına müraciət edib, həkim onu aldadaraq özəl klinikaya göndərib.

Bir neçə gün sonra “New Med”lə əlaqə saxlayıb çeklərlə maraqlandıqda, deidlər çek burdadır gəlin götürün. Amma klinka bizi günahkar çıxardır ki, guya çek olub, xəstə götürməyib. Çekin üzərində isə saat 17:00 yazılmışdı. Mənim anam o saatda klinikada olmayıb, çoxdan çıxmışdı. Məlumdur ki, çek sonradan vurulub.

Bu hadisədə əsas problem ondadır ki, dövlətin onkoloji klinikasının həkimi nəinki mənim anamı, bütün xəstələrini “New Med”ə göndərir, orda analiz, müayinə etdirir, hər biopsiya etdiyi xəstədən 350 manat alır. Deməli, həkimlər özəl laboratoriyalarla əlbir olub, ora xəstə transfer edib, istədikləri qiyməti deyirlər”.

Məsələ ilə bağlı “New Med”dən Medicina.az-a ümumi bir cavab verilib:

“Pasiyentə qarşı heç bir qanun pozuntusu baş verməyib. Bizdə hər şey qanun çərçivəsində həyata keçirilir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin