ABŞ-Çin münasibətlərində “Ping Ponq diplomatiyası” DÖVRÜ və keçmişə BAXIŞ – ARAŞDIRMA

0
5
Siyasi ekspert Kamal Əliyev

Donald Tramp zamanından ABŞ-ın xarici siyasət doktrinasında kardinal dəyişiklikləri görməyə başladıq. Sadəcə, Tramp ikinci dəfə prezident seçilsəydi, ölkəsinin Çin siyasəti həm ritorika, həm də keyfiyyət baxımından daha fərqli olacaqdı.

Hərçənd, indiki prezident Co Baydenin Çin siyasəti də sələfindən elə ciddi fərqlənmir. Çinin güclənməsi birmənalıdır və bu, ABŞ və onun müttəfiqlərini narahat etməyə bilməz. Artıq ABŞ öz xarici siyasət doktrinasında Çini Rusiyaya görə daha ciddi rəqib kimi qəbul edir. Zənnimcə, Varşava müqaviləsi təşkilatının süqutundan sonra ortaya çıxmış təkqütblü dünyaya artıq multipilar( çoxqütüblü) deyə bilərik.

Ancaq mənim bu yazıda toxunmaq istədiyim mövzu bu deyil. ABŞ-Çin münasibətlərinin tarixinə ekskursiya etmək istəyirəm.

1971-ci ildə iki nəhəng ölkə arasında beynəlxalq münasibətlər tarixində “Ping Ponq diplomatiyası” adlanan bir hadisə yaşanır.

Lap başa dönsək, 1948-cu ildə Çap Tszedunun kommunist inqilabından sonra, ABŞ-Çin münasibətləri xeyli korlanmışdı. İki ölkə arasında iqtisadi sanksiyalar və diplomatik səssizlik hakim idi.

Belə ki, iki ölkə Koreya müharibəsində üz-üzə gəlmiş və bundan sonra ölkələr arasında düz 20 il heç bir diplomatik təmas baş verməmişdi. Lakin, 1971-ci ildə ABŞ və Çin arasındakı münasibətlərdə yumşalma müşahidə olunmağa başlandı.

Xatırladım ki, 70-ci illərin əvvəllərində Çin və Sovet İttifaqı arasında ciddi sərhəd münaqişəsi yaşanmışdı. Mao Tszedun hesab edirdi ki, ABŞ-la münasibətləri yaxşılaşdırıb, Sovet İttifaqına gözdağı vermiş olacaq.

***

Prinsipcə, o vaxtkı ABŞ prezidenti Nikson da Çinlə münasibətlərin qurulmasında maraqlı idi. Belə ki, 1971-ci ildə Yaponiyada keçirilən stolüstü tennis çempionatı ABŞ-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.

Çempionat əsnasında çox maraqlı hadisə baş verir; Amerikalı 19 yaşlı tennisçi Qlen Kovan gözlənilməz bir şəkildə Çin milli komandasını daşıyan avtobusa daxil olur. Bu, çinli idmançılar üçün böyük təəccüb və şok idi. Elə bu an ən güclü çinli tennisçi Tszuanq Tszedonq ayağa qalxaraq Kovanın əlini sıxır. Hər iki idmançı tərcüməçi vasitəsiylə birbirləriylə söhbət etməyə başlayır. Hətta tennisçilər bir birinə hədiyyə də verirlər. Kovanın çinli oyunçuya verdiyi hədiyyə qısaqol köynəyin üzərində məşhur musiqi qrupu “Bitlis“-in “Let it be ” mahnısının sözü yazılmışdı.

Bu, əslində Çin və ABŞ arasındakı buzların əridilməsi üçün əvvəlcədən ustalıqla hazırlanmış mükəmməl bir ssenari idi. Ancaq maraqlıdır ki, çinli idmançılara Yaponiyaya gəlmədən əvvəl amerikalı idmançılarla hər hansı kommunikasiyadan yayınmaları tapşırılmışdı. Əslində, ssenarini diplomatlar qurmuşdu, ancaq idmançıların bəzisi bundan xəbərdar idi.

Çin lideri Mao Tszedun idmançılar arasındakı hədiyyələşməni biləndə “Tszanq Tszedun sadəcə yaxşı tennisçi deyil, həm də əla bir diplomatdır” demişdi.

***

Bu hadisədən bir neçə gün sonra Mao Tszedun amerikalı tennisçiləri Çinə dəvət edir. Amerikalı idmançılar da dəvəti məmnuniyyətlə qəbul edir. 1971-ci ilin 10 aprelində başlayan tarixi ziyarətdə 15 amerikalı tennisçi və digər şəxslər də iştirak edir.

Bu hadisə dünyada böyük təəccüb doğurmuşdu. Hərçənd, ABŞ stolüstü tennis komandası elə də güclü komanda deyildi və dünya sıralamasında 24-cü yeri tuturdu.

Yeri gəlmişkən, amerikalı tennisçilərin çoxu Yaponiyaya yarışa borc pul alaraq getmişdilər. Lakin onlar göstərdikləri performansla bütün dünyanı təəccübləndirmişdi. Amerikalı tennisçilər 19 gün Çində qalaraq Pekin və Şanxay şəhərlərini də gəzmişdilər.

Amerikalı idmançılardan biri Tim Boqqan “Nyu York-Taymz” qəzetinə verdiyi müsahibədə belə demişdi: “Yeməklər, küçələr, hətta insanlar belə fərqli idi. Küçələrdə Mao Tszedunun heykəlləri və portretləri çox idi”.

Mao Tse Toung (1893-1976)

Hətta ABŞ və Çin tennisçiləri öz aralarında yarış da keçirmişdilər. Oyunun adı “Əvvəlcə dostluq, sonra rəqabət” idi. Təsəvvür edin ki, uzun illər siyasətçilərin, diplomatların bacarmadığını tennisçilər bacarmışdı.

***

Daha sonra ABŞ prezidenti Nikson Çini ziyarət etdi. Nikson tarixdə Çinə səfər edən ilk ABŞ prezidenti idi. Niksonun Çinə rəsmi səfəri 8 gün davam etmişdi. O, bu səfəri “dünyanı dəyişdirən həftə” adlandırmışdı. Bəlkə də o zamanlar Çin ABŞ üçün əsas rəqib deyildi. Dünyada bipolar (ikiqütblü) sistem vardı.

Richard Nixon

Lakin tarix dəyişib. Putinin Rusiyası ABŞ üçün Çindən daha az əhəmiyyət daşıyır. Rusiyanın nüvə silahı var, güclü ordusu var, ancaq Çin kimi güclü iqtisadiyyatı yoxdur. Çin Yaxın Şərqdə, Afrikada kasıb ölkələrə ( İranla 25 illik müqavilə ) uzunmüddətli kreditlər verərək, onları ələ keçirir. Çinin Balkanlarda, şərqi Avropada ciddi investisiyaları var. Elə buna görə də, ABŞ özünə əsas rəqib kimi Çini görür, Putinin Rusiyasını yox.

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin