Kremlə göydəndüşmə FÜRSƏT və Türkiyə-ABŞ münasibətlərində YENİ MƏRHƏLƏ – ARAŞDIRMA

28
Siyasi ekspert Kamal Əliyev

Dünən ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş vermiş hadisələr üçün “soyqırım” kəliməsini işlətdi. Baydenin məktubunu diqqətlə oxudum və bir məsələ təsdiq olundu ki, o, “soyqırım” məsələsində erməni tezislərinə uyğun davrandı.

Düzdür, məktubda Türkiyə cümhuriyyəti deyil, Osmanlı imperiyasına toxunulub. Lakin erməni tezislərdə “soyqırım”-ın 1915-1923-cü illərdə olduğu təbliğ olunur. Və bu, dolayısıyla Mustafa Kamal Atatürkün istiqlal mücadiləsinə də bir mənada ilişməkdir. Məktubda mənə qəribə gələn Baydenin İstanbul sözünün əvəzinə Konstantinopolu vurğulamasıdır. Mən bunu başa düşə bilmədim.

Türkiyənin bundan sonra atacağı addımlar maraqlı olacaq. Artıq ABŞ-ın Türkiyədəki səfiri Deyvid Satterfild Türkiyə xarici işlər nazirliyinə çağırılıb və ona bu qərarın hökmsüz olduğu deyilib. Güman edirəm ki, bir müddət Türkiyə-ABŞ münasibətləri soyuq olacaq. Yəqin, iyunda Brüsseldə keçiriləcək NATO iclasında Ərdoğan və Bayden iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərini müzakirə edəcəklər.

Cimi Karterdən başlamış “soyqırım” mövzusu Baydenlə bitdi. İndi Ankarada ABŞ hökumətinə qarşı hiddət dalğası var. Bu, təbiidir və bir müddət də öz aktuallığını saxlayacaq.

Türkiyənin bundan sonra atacağı ən sərt cavab İnciklik və Malatuyadakı ABŞ hərbi bazalarını qapatmaq ola bilər. Bu, sadəcə ən maksimal ehtimaldır. Türklər bu addımı 1975-ci il Kipr hərəkatından sonra ABŞ-ın həyata keçirdiyi embarqolara qarşı atmışdı. Hətta o zaman Qəddafi Türkiyəyə çox yardım etmişdi. İraqın o vaxt neft naziri olan Səddam Hüseyndə Türkiyədəki İsgəndərun portuna neft tankerləri göndərmişdi. Daha sonra Türkiyədə Kənan Evrən 1980-ci ildə dövlət çevrilişi edərək yenidən ABŞ hərbi bazalarının açılmasına razılıq verdi.

İndiki situasiya Çin və Rusiya kimi ölkələr üçün böyük fürsətdir. Bu ölkələr hədəf olaraq Türkiyəni öz yanlarında görmək istəyirlər. Sanki Baydenin bu addımı Putin üçün göydən düşmə oldu. Hər halda, bunu Kremlə yaxın mediada açıq-aydın görə bilirik. Hər böhran eyni zamanda bir fürsətdir.

Ola bilər kİ, bu qərar ABŞ-Türkiyə münasibətlərində yeni bir mərhələ açsın. Ən pis variant isə ABŞ-ın Türkiyəni gözdən çıxarması ola bilərdi. Mən bu ehtimalı daha zəif hesab edirəm.

Bəzən dövlətlərin yerləşdiyi coğrafiya məcburi müttəfiqliyi gərəkdirir. Ən əsası, Türkiyə atacağı addımları əvvəlcədən ölçüb biçməli və dövlət kodlarını düzgün müəyyənləşdirməlidir. Xalqlar bəzən emosional reaksiya göstərir, ancaq dövlətlər daha diqqətli olmaq məcburiyyətindədirlər. Bu anlamda türk xalqının, siyasi partiyalarının, biznes sektorunun və QHT-lərinin də fikirləri nəzərə alınmalıdır. Əgər bu “soyqırım” mövzusu gələcək də hüquqi izlər buraxmayacaqsa və ya yalnız siyasi müstəvidə qalacaqsa, mən ABŞ-Türkiyə münasibətlərinin bir müddət sonra qaydasına düşəcəyinə inanıram. Yox əgər Türkiyəyə qarşı beynəlxalq məhkəmələrdə təzminat və sığorta prosesləri başlayarsa, bu, daha ağır nəticələrə gətirib çıxara bilər.

Belə olacağı təqdirdə, Türkiyə üzünü Avrasiya vektoruna çevirə bilər. Bu, nə qədər arzu olunan olmasa da, mümkün olma ehtimalını özündə daşıyır. Ümid edək ki, Baydenin bu qərarı hüquqi olmaqdan daha çox siyasi hökm kimi qalacaq. Yoxsa Türkiyə birdəfəlik olaraq Avro Atlantik məkana əlvida deyə bilər. Bu, şübhəsiz ki, Azərbaycana da təsirsiz ötüşməyəcək.

Çünki, 44 günlük müharibədən sonra Azərbaycan ictimaiyyətinin qərbə simpatiyası xeyli aşağı düşüb…

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin