Sorossayağı demokratiyanın Ermənistan nümunəsi: Beynəlxalq təşkilatlar NİYƏ SUSUR?

19

Ermənistan baş naziri Nikol Paşinyanın seçki öncəsi bölgələrə etdiyi səfər bu ölkədəki demokratik vəziyyətin növbəti dəfə aynası oldu. Bölgələrdə yerli əhali baş nazirə etiraz edir, lakin etirazları güc yolu ilə yatıran Paşinyan “əzələ nümayişi” göstərməkdədir.

Nikolun seçki öncəsi belə səfərlərinin məqsədi siyasi rəqiblərinə ölkənin hər yerində tərəfdarlarının olduğunu göstərməkdir və o, bu məqsədinə çatmaq üçün polis dəyənəyini işə salıb.

Sünik (Zəngəzur-red) bölgəsinə səfər hər şeyi çılpaqlığı ilə ortaya çıxardı.

Bundan öncə ermənilər baş nazirin bölgəyə gəlişinin qarşısını almışdılar. Buna görə Paşinyan gecə yarısı bölgəyə səfər etdi və hər şey Nikolun küçəyə çıxması ilə başladı.

Ermənilər kütləvi şəkildə etirazlara başladılar, baş naziri yumurta atəşinə tutmaqla yanaşı, ağır söyüşlərə qonaq etdilər. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında ciddi toqquşmalar yaşandı. Erməni baş nazir səfərini ləğv etməyə və İrəvana qayıtmağa məcbur oldu.

Nikol İrəvana qayıdandan dərhal sonra bölgədə həbslərə start verildi. Məlumatlara görə, 20-dən çox etirazçı həbs olunub. Bu rəqəmin 52 olduğu haqda da xəbərlər yayılır. Saxlanılanların 16 nəfərinin İrəvana aparıldığı, orada işgəncə verildiyi də deyilir.

Mehri şəhərinin meri Mxitar Zakaryan da polislər tərəfindən saxlanılaraq, İrəvana aparıldı. Mer dələduzluq ittihamı ilə həbs olunub. Gorus merinin müavini Menua Hovsepyan da həbs edilənlər arasındadır.

Şurnuxu kəndinin icma rəhbərinin qardaşı Ararat Ağabekyanın işgəncəyə məruz qaldığı görüntüləri yayılıb. Polis xəstəxanada yatan icma rəhbərinin qardaşını dəhlizdə sürüyərək, maşına mindirib və İrəvana aparıb.

Sünik bölgəsində etirazçılara qarşı tətbiq edilən zorakılıq İrəvanda da davam etdirilib. Paşinyanın İrəvana qayıdışından sonra müxalifətin keçirdiyi etiraz aksiyasında 14 nəfər saxlanılıb. Sünikdə və İrəvanda saxlanılanların işgəncə gördüyü bildirilir.

Son iki gündə Ermənistanda baş verənlər bu ölkənin anti-demokratik olan gerçək sifətini göstərdi.

Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə Soros Fondunun dəstək verdiyi o və komandası bütün regiona demokratiya nümunəsi kimi sırınırdı.
Ötən üç il ərzində baş verənlər isə bu demokratiyanın yalnız sözdə olduğunu təsdiqlədi.

Siyasi opponentlərə qarşı açılan cinayət işləri, rəqiblərə təzyiqlərin edilməsi, etirazların və söz azadlığının boğulması, medianın təqib edilməsi Ermənistan “demokratiyasının” gerçək üzüdür. 2021-ci ilin birinci rübünün statistikası da Ermənistanda medianın vəziyyətini göstərir: jurnalistlərə qarşı 7 məhkəmə işi, 20 təzyiq hadisəsi, 15 məlumat almaq hüququnun pozulması və s.

Son hadisələr də Ermənistandakı sorossayağı demokratiyanın nəticələri hesab oluna bilər. Əgər arxanda Soros varsa, demokratiya və insan haqlarını istədiyin kimi tapdalaya bilərsən, heç bir beynəlxalq təşkilat məsələyə reaksiya verməyəcək. Buna sorossayağı demokratiya deyilir.

Ermənistandakı son hadisələr, etirazların boğulması, həbs olunanların işgəncələrə məruz qalması faktı qarşısında beynəlxalq təşkilatların özlərini heç nə olmamış kimi aparması təəccüblü olmadı. Çünki ora Azərbaycan deyil.

Bütün bunlar Azərbaycanda baş versəydi Sorosun nəzarətində olan beynəlxalq hüquq-müdafiə təşkilatlarının, medianın və ələbaxan siyasətçilərin, ekspertlərin reaksiyasını təsəvvür etmək çətin deyil.

Məsələ əsas gündəmə çevriləcək, qətnamələr, qərarlar qəbul olunacaq, “sanksiya tətbiq edilsin” çağırışları ediləcək və s.

Əslində anti-Azərbaycan şəbəkəsində yer alan belə təşkilatlar, siyasətçilər və media orqanları bu hadisələrin baş verməsinə ehtiyac da görmürlər, hər xırda məsələ bu şəbəkə üçün Azərbaycana qarşı hücum fürsətidir.

Ermənistanda baş verənlər və müşahidə olunan susqunluq artıq dəfələrlə sübut olunan ikilistandartların növbəti bariz nümunəsidir.

mənbə: KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin