Xarici investisiyalar niyə cəlb edilmir? – “Bütün qərarlar ikibaşlı çubuğa bənzəyir”

“Düzgün cəlb olunmuş xarici investisiyalar hər bir ölkənin iqtisadiyyatı üçün arzuolunandır və həmin ölkənin iqtisadi inkişafının əsas drayverlərindən biridir.
Xarici investisiyalar cəlb etməliyik. Neft sektoru aydındır. Qeyri-neft sektorunda xarici investisiyaların cəlbi ilə bağlı konkretlikdən daha çox ümumi fikirlər üstünlük təşkil edir”.

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O, xarici investisiyalar haqqında bəzi vacib məqamlara toxunub:

“Xarici investisiyalar mənşəyinə görə müxtəlifdir (investisiyaların cəlbi, hədəflərin müəyyən olunmasında bu amil də çox vacibdir);
– inkişafının ilkin mərhələsində sadəcə olaraq, “bütün xarici investisiyalara açığam” deyib rahat bir şəkildə investisiya cəlb edən ölkə demək olar ki, olmamışdır. Vurğulayıram ki, inkişafının ilkin mərhələsində, həmin investisiyaların cəlb edilməsi üçün bir neçə metod və prosedurlar vardır ki, həmin ölkələr də o yollardan istifadə edərək investisiya cəlb etmişlər;
– hətta bəzi ölkələr insanı heyrətə gətirə biləcək metodlar (metod kəlməsi güzəştlərlə səhv salınmamalıdır), hətta bir çox hallarda incə tryuklar tətbiq etmişlər;
– hər bir sahə kimi investisiyaların da əsaslandırılmış cəlbi vizyon, hədəf, strategiya və taktika tələb edir;
– xarici investisiyalar haqqında ən böyük yanlış fikir: xarici investisiyalar həmişə ölkənin iqtisadi inkişafına səbəb olur. Təəssüf ki, belə deyil. Yazının əvvəlində təsadüfən yazmamışdım ki, düzgün cəlb olunmuş xarici investisiyalar. Bu fikri qısaca 2 faktla əsaslandıracam. Birincisi, Afrika ölkələrindən tutmuş bir çox Asiya ölkələrində investisiyalar həmin ölkələrin xoşbəxtliyi deyil, bədbəxtliyi ilə nəticələnmişdir. Savadsız və ya müdaxilə imkanları olmadığı üçün həmin ölkələrdə xarici investisiyalar olduğu ölkənin istehsalını məhv etmiş, ölkənin resursları bitdikdə sadəcə çəkilib getmişlər. İkincisi, Yaponiya, Cənubi Koreya (hətta BVF 1955-ci ildə Cənubi Koreya ilə bağlı araşdırmalarında bu nəticəyə gəlmişdir ki, Cənubi Koreyanın heç bir iqtisadi potensialı və gələcəyi yoxdur. Bu səbəbdən, hətta xarici borclanmada da çətinliklərlə üzləşən Cənubi Koreyanın daxili kreditləşmə, ixracyönümlü iqtisadiyyat qurma hədəfi hesabına çox maraqlı inkişaf yolu vardır) və digər bir neçə inkişaf etmiş ölkələr öz güclərinə inkişaf etmişlər. Almaniya məhz xarici investisiyaları cəlb etmədiyi sahələrdə güclü istehsala nail olub”.

Ekspert qeyd edib ki, maliyyə və real sektorlara cəlb olunan xarici investisiyalar arasındakı nisbətin pozulması da ölkə üçün yaxşı heç nə vəd edə bilməz:

“Portfel investisiyası və birbaşa investisiya… Birbaşa investisiyaların cəlbini yanlış olaraq, hətta bir çox “akademik” iqtisadçılar da daha uğurlu hesab edir. Belə deyil. Portfel investisiyası birbaşa investisiyaya nisbətən daha uğurludur və cəlb olunan ölkənin iqtisadiyyatına zərər vurma imkanları azdır.

Qeyd: düzgün cəlb olunmayan xüsusilə birbaşa xarici investisiyaların ölkələrin iqtisadiyyatlarına vurduqları zərərlər haqqında saatlarla danışmaq olar. Qısası, iqtisadiyyatda heç bir şey 2×2=4 deyil. Bütün qərarlar, məsələlər 2 başlı çubuğa bənzəyir. Bir tərəfi faydalı, bir tərəfi zərərli. Eyni iqtisadi qərar və ya məsələ bir ölkəyə xoşbəxtlik, digərinə bədbəxtlik gətirər. Məqsədim xarici investisiyaların zərərli olması haqqında fikir formalaşdırmaq deyil. Əsas məqsədim budur: xarici investisiyalar haqqında ümumi danışmaq doğru olmaz. Xarici investisiyalarla bağlı siyasət formalaşır. Vizyon, hədəf, strategiya və həmin vizyonu həyata keçirmək, hədəfə çatmaq üçün strategiya müəyyən olunur, həmin strategiyanı gerşəkləşdirmək üçün isə taktikalar, fəaliyyət planları qurulur. Daha da sadələşdirsək: iqtisadi gerçəklik, zərurət və faydalılığı nəzərə almaq və gerçəkləşdirmək üçün aydın məqsədə doğru məqsədyönlü fəaliyyət əsas şərtdir. Bu gün dünyada iqtisadi güc sahibi olan demək olar ki, əksər dövlətlər məhz bu yolu keçmişlər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin