Vətən Müharibəsinin aralıq mərhələsi: – DTX “erməni – beşinci kolon” ittifaqı ilə üz-üzə

Dünən DTX-nın Hadrut rayonunun Çaylaqkənd və Köhnə Tağlar kəndlərində anti-terror əməliyyatı keçirdiyi bəlli oldu. Azərbaycan Müdafiə Nazirliyi və DTX-nın yaydığı birgə açıqlamadan məlum olur ki, həmin kəndlərin ətrafında yerləşən meşələrdə gizlənən erməni diversiya qrupları zaman-zaman Azərbaycan əsgərlərinə hücum edib ağır təxribatlar törədirmişlər. Əsgərlərimiz düşmənə adekvat cavab verəndə isə Ermənistan tərəfi Rusiya sülhməramlılarına müraciət edərək erməni hərbçilərinin meşədə azdığını bildirib və onların evakuasiyasını istəyib. Azərbaycan tərəfi isə noyabrın 10-da bağladığı Üçtərəfli Bəyanatla üzərinə götürdüyü atəşkəs öhdəliyinə sadiq qalaraq Rusiya sülhməramlılarının evakuasiya tədbirlərinə şərait yaradıb. Lakin rus sülhməramlılarının evakuasiya məqsədi ilə səsgücləndiricilər vasitəsilə ermənilərə çağırışları heç bir nəticə verməyib və DTX məcburən anti-terror əməliyyatına başlayıb.

Bir qədər sonra Rusiya “sülhməramlıları”nın komandanı Rütəm Muradovun hadisə ilə bağlı açıqlaması yayıldı. Rus general-leytenant da ayın 11-də Hadrutun bu ərazilərində atəşkəsin pozulduğu və sülhməramlıların müdaxiləsilə yenidən bərpa olunduğunu, rus hərbçilərinin bölgədə vəziyyətə nəzarət etdiyini bildirdi. Maraqlıdır ki, bu açıqlamadan sonra Rusiya sülhməramlılarının yayımladığı yeni xəritədə bəzi önəmli dəyişikliklər qeydə alındı: həmin kəndlər sülhməramlıların nəzarət etdiyi bölgəyə aid olundu. Bu da istər-istəməz Azərbaycan ictimai rəyində narahatlıqlara yol açdı

Etiraf edək ki, narahatlıqlar haqlı olsa da, bir çoxlarının təndiq hədəfini düzgün seçilməməsi ictimai rəydə müəyyən çaşqınlığa yol açır. Əvvəla, ona görə ki, ilk baxışdan yaranan qənaət və ya cəmiyyətə təqdim edilən mənzərə rus sülhməramlılarının DTX-nın anti-terror əməliyyatının son hədəfinə çatmasına mane olmasıdır. Bu mülahizə doğru olsa belə, həmin hadisəyə görə Azərbaycan hakimiyyətinin ağır tənqidə məruz qoyulmasını anlamaq mümkün deyil. Söhbət ondan gedir ki, Azərbaycan Silahlı Qüvvələri, xüsusilə də DTX öz üzərinə düşən vəzifəni yetərincə yerinə yetirib. Rəsmən açıqlanmasa belə, ermənilərin narahatlığından anlaşılır ki, ərazidəki terrorçular böyük ölçüdə zərərsizləşdirilib. Üstəlik, bütün bunlar rus “sülhməramlılarının” gözü qarşısında baş verib. Əməliyyatdan sonra “sülhməramlı”ların həmin kəndləri öz nəzarət dairəsinə alması və bunun xəritədə əks etdirilməsi narahatlıq doğursa da, əslində başadüşüləndir. Nədən ki, ərazidən erməni birləşmələrini çıxarmaq üçün kəndlər müvəqqəti olaraq, rusların nəzarətinə keçə bilər. Bu status-kvonun davamlı qalacağı isə hələ ki bilinmir. Fəqət istənilən halda Azərbaycan hakimiyyətinin bu durumla razılaşacağını gözləmək də mümkün deyil. Həmin kəndlər əvvəlki bölgülərdə Azərbaycan ordusunun nəzarətinə verildiyindən bu, indi də belə olmalıdır. Əks halda ermənilər gündə hansısa kənd ətrafındakı meşəyə bir diversiya qrupu göndərib, “bura Bəyanat imzalanmamışdan əvvəl bizim nəzarətimizdə idi” deməsi Azərbaycan ordusunun minlərlə qurban bahasına əldə etdiklərini mənasız bəhanələrlə boşa çıxara bilər.

Digər tərəfdən, həmin kəndlər kimi, rus “sülhməramlı”larının nəzarət etdiyi digər bölgələrin də taleyi qeyri-müəyyəndir. İmzalanan Bəyanatda Dağlıq Qarabağda 5 il davam etməsi nəzərdə tutulan sülhyaradıcı missiya tamamlandıqdan sonra belə, həmin ərazilərin taleyi qəti şəkildə müəyyənləşməyib. Əslində bu da başa düşüləndir. Bəyanat yekun razılaşma sənədi yox, niyyət protokoludur. Sənəddə rus “sülhməramlı”larına Dağlıq Qarabağın iki müxtəlif etnik sakinləri arasında birgə yaşayışı təmin etmək üçün vasitəçilik missiyası həvalə edilib. Bu isə o deməkdir ki, rus “sülhməramlıları” ərazilərdə qalıcı deyillər. Tərəflərdən sadəcə birinin “çıx” deməsiylə Dağlıq Qarabağı tərk edib getməlidirlər. Gedərlərmi-getməzlərmi, bu müəmmaya indidən cavab vermək çətindir. Lakin fakt budur ki, özünün yurisdiksiyasına aid olan bölgə üçün Azərbaycan daha keçərli söz haqqına malikdir. Beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir. Belə vəziyyətdə Azərbaycanın qapı ardını göstərdiyi rus sülhməramlılarının getməməsi Moskvanı vasitəçi tərəfdən işğalçı tərəfə çevirəcək. Bununla ölkəmizin öz siyasi oriyentasiyasını müəyyənləşdirmək haqqı doğacaq. Məhz bundan sonra rəsmi Bakını nəyisə edib-etməməkdə qınamaq olar.

Vətən Müharibəsinin aralıq mərhələsi:

Hələlik isə, hakimiyyət bəzi səbəblərdən dilə gətirə bilməsə də, aydındır ki, ölkəmiz “məcburi sülhə” vadar edilib. Bizim Rusiya ilə kəllə-kəlləyə gəlib savaşmağımız isə təkcə Qarabağı deyil, tamamilə ölkəmizi risk altında qoya bilər. Prinsipcə, dünyaya özünü göstərmək, bəzi silahlarını sınaqdan çıxarmaq, ən əsası isə postsovet ölkələrinə göz dağı vermək üçün Moskvaya da münbit bəhanə lazımdır.

Yanlış anlaşılmasın, mən bu sözləri deyərkən rus təhdidi qarşısında susmağı, təslimçilik bayrağı qaldırmağı təklif etmirəm. Hətta inanıram ki, məcburən qoşulacağımız hər hansı müharibədə yaxın müttəfiqlərimizlə bir yerdə və beynəlxalq münasibətlərdən düzgün istifadə etməklə uğurlu müqavimət gücü də ortaya qoya bilərik. Amma bu qəhrəmanlığımızın həm iqtisadi, həm də hərbi bədəlləri ağır ola bilər. Ölkəmiz dünyanı bölmək istəyən nəhənglərin çoxdan axtardığı poliqona çevrilə, iqtisadiyyatımız, şəhər və kəndlərimizin alt-yapıları dağıla, daha çox insan itkisi ilə qarşılaşa bilərik.

Ağıllı dövlətlər hətta 100 faiz qazanacağına əmin olduqları savaşa girməyə can atmır, məsələləri danışıq yolu ilə həll etməyə çalışırlar. Bu gün Azərbaycanın da öz problemini sülh yoluyla həll etmək imkanları doğub. Bir zamanlar erməni hücumları qarşısında məğlub durumuna düşən ölkəmizin sözünün kəsəri yox idisə, ordumuzun 44 günlük müharibədə ortaya qoyduğu əzm və sücaət, istənilən fədakarlığa hazırlığı dövlət imicimizi də dəyişdi. Artıq heç kim Azərbaycan diplomatlarının “məsələnin hərbi yolu da var” mesajlarına qeyri-ciddi baxmır, “boş qazan bərk səs çıxarar” deyib rişxənd etmir. Hər kəs bu sözlərin altında ciddi mövqenin dayandığını düşünür. Əslində 44 günlük müharibənin bizə qazandırdığı ən böyük uğur da düşünüldüyü kimi, işğaldan qurtardığınız ərazilər yox, bəhs etdiyimiz ciddiyyətdir

Hazırkı şəraitdə Azərbaycan hakimiyyətinin öhdəsinə düşən ən başlıca vəzifə ordumuzun 44 günlük müharibədə qazandığı uğurları möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə müdafiə xəttini gücləndirmək, lazım gələrsə düşmən diversantlarına qarşı anti-terror əməliyyatları keçirmək, sahələri minalardan təmizləmək, Ermənistanla sərhədlərimizi yenidən müəyyənləşdirmək, köçkün və qaçqınları qurtarılmış ərazilərə köçürmək və təhlükəsizliklərini təmin etməkdir. Müdafiə xəttində gücləndikcə, Azərbaycanın ərazisində məskunlaşıb separatçılığa meyllənən erməniləri haqqa gətirmək fürsətimiz yenidən yaranacaq və ümid edək ki, onlara asiliyin ağır bədəllərinin nələrdən ibarət olduğunu bir daha başa salmaq durumunda qalmayacağıq.

Etiraf edək ki, Dağlıq Qarabağdakı son müharibənin aralıq mərhələsi adlandırdığımız indiki dövrdə Azərbaycanın müvafiq qurumları öz üzərilərinə düşən vəzifəni bacardıqları qədər həyata keçirməyə çalışırlar. Bundan artığını etmək Rusiyaya və İrana qarşı müharibə açmaqdır ki, buna nəinki biz, hələ ki, dünyanın ən nəhəng hərbi qüdrəti ABŞ da, NATO dövlətləri də cəsarət edə bilmirlər. Bizdən həm ərazi, həm iqtisadi, yeri gələndə həm də hərbi potensial olaraq dəfələrlə böyük olan Ukraynanın, Kalinqrada iddia edən Almaniyanın da bəzi əraziləri Rusiyanın işğalı altındadır. Onlar da Rusiyanın iqtisadi cəhətdən çöküşünü və ya bütün tərəflərin eyni anda mübarizəyə başlayacağı fürsəti gözləyir. Belə vəziyyətdə bizim hər kəsdən qabağa düşüb buynuz çıxarmağımızın hansı nəticələr doğuracağını hesablamadan atacağımız addım “qaş düzəltmək əvəzinə göz çıxarmağa” bənzəyər.

Vətən Müharibəsinin aralıq mərhələsi:

Bütün bu obyektiv çatışmazlıq Silahlı Qüvvələrimizin, xüsusilə DTX-nin Dağlıq Qarabağda apardığı işlər göz qabağındadır. Vaxtilə “müxalifətçi və iş adamı ovu”yla ixtisaslaşmış təhlükəsizlik orqanlarımızın son il yarım ərzində keçirdiyi bütün əməliyyatlar dövlətimizin daxili və xarici düşmənlərinə qarşı mübarizə ilə seçilir. Ölkə daxilində bir çox korrupsioner icra başçılarını təmizləmə əməliyyatları ilə yadda qalan DTX-nın Ermənistanla sərhəddəki və Dağlıq Qarabağdakı fəaliyyətləri gözdən yayınmır. DTX sədri general-polkovnik Əli Nağıyevin bir müddət əvvəl Şuşaya, daha sonra Laçın və Kəlbəcərə səfərləri, bu səfər çərçivəsində rus “sülhməramlıları”nın komandanı ilə görüşməsi rəsmi Bakının erməni təxribatlarına seyrçi qalmadığını təsdiqləyir. Həmin səfərdən sonra istər Laçında, istərsə də Kəlbəcərdə sərhədlərimizin düzgün demarkasiyası, torpaqlarımızdan cüzi də olsa pay qoparmağa çalışan ermənilərin ümidinin gözlərində qoyulması inkaredilməz faktdır. Son Hadrut hadisələrinin də məhz həmin səfərdən sonra başlaması DTX-nın bölgədə apardığı işlərin nəticəsi kimi qəbul oluna bilər. Bu əməliyyat daha başa çatmasa belə, hər halda əsgərlərimizi hər an təhlükə altında qoyan erməni terrorçularının həmin meşələrdən çıxarılmasının özü belə nailiyyətdir. Yəqin ki, bu nailiyyətlər getdikcə daha geniş vüsət alacaq və Azərbaycanın ərazi bütövlüyü tam bərqərar olunana qədər davam edəcək.

Son zamanlar Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl və Qubadlı rayonlarıyla sərhədlərdə necə gəldi məskunlaşmasının yaratdığı bir sıra problemlər hələ də davam edir və müvafiq qurumlarımızın qarşı tədbirlər görməsi nəticəsində həll olunmağa çalışılır. Ermənistanın Zəngəzur vilayətinin meri Melikset Poqosyanın bildirdiyinə görə, Azərbaycan əsgərləri ötən gün sərhəd bölgələrində səsgücləndiricilər vasitəsilə Ağarak kəndi yaxınlığında məskunlaşmış ermənilərə həmin ərazilərin Azərbaycana aid olduğunu xatırladaraq onları dərhal bölgədən uzaqlaşlamağa çağırıb. Sözügedən çağırışdan sonra bölgə yaxınlığındakı erməni hərbi qüvvələrinin döyüş hazırlığına gətirildiyi bildirilir. Bu fakt sərhəd bölgələrimizdəki sabitliyin sapdan asılı vəziyyətdə olduğunu göstərir və Silahlı Qüvvələrimizin hər zamankından daha ayır-sayıq olmamasını tələb edir. Müharibənin daha bitmədiyini nəzərə alıb hər kəsin indiki ağır vəziyyətdə eyni hədəf ətrafında birləşməsi, obyektiv reallıqlardan subyektiv məqsədlər üçün istifadə etməməsi daha faydalı olardı.

Hüquq mühafizə və dövlət Təhlükəsizlik orqanlarımızın vəzifəsi təkcə Dağlıq Qarabağda anti-terror əməliyyatları aparmaqla da bitmir. Dağlıq Qarabağdan daha vacib əməliyyatlar Bakıda və digər rayonlarımızda aparılmalıdır. Ona görə “daha vacib” deyirik ki, istənilən müharibə aparan dövlət üçün arxa cəbhənin möhkəmliyi ön cəbhədən daha vacibdir. Hətta bir çox hallarda arxa cəbhə ön cəbhədə qazanılacaq qələbənin rəhni sayılır. Bu, xüsusilə indiki şəraitdə Azərbaycan üçün daha çox keçərlidir. O səbəbdən ki, Dağlıq Qarabağdakı son müharibə hüquq-mühafizə və təhlükəsizlik orqanlarımızın 5-ci kolona qarşı apardığı mübarizəyə mane olmaq üçün başlamışdı. Məqsəd “bir ayının bir şir ilə əlbir olub” 30 ildir “dovşan” kimi baxdıqları Azərbaycanı ovlamaq prosesini dayandırmaq əməliyyatlarının qarşısın almaqdı. Sözsüz ki, erməni separatizmi – 5 kolon müttəfiqliyi təsadüfi deyil və hər iki qüvvə güclü region dövlətlərinin himayəsi altındadır. Ağaları isə onların qarşısına bir-birini müdafiə etmək öhdəliyi qoyub. Məhz ağa buyruğuna uyğun olaraq 30 ildir 5-ci kolon Qarabağdakı separatçıları qoruyurdu. Son 44 günlük müharibədə isə separatçıların öz müttəfiqlərinə vəfa borcunu qaytarması tələb olunurdu. Hətta bu qədər kritik anda belə Bakıdakı “müttəfiqlərin” separatçılara öz xidmətlərini əsirgəmədikləri xəbər verilir. Hələ təsdiqlənməmiş məlumatlara görə, “qaramaska”lar məhz bu təxribatın qarşısını almaq üçün çox önəmli generallardan birinin başına qara torba keçirib “ağıllanmağa” aparıblar.

44 günlük müharibədən dərhal sonra DTX-nın Cəlilabad Rayon İcra Hakimiyyətində yeni əməliyyatlara başlaması da aralıq mərhələdə 5-ci kolona qarşı daha ciddi mübarizəyə başlanacağından xəbər verir. Çünki düşmənin içərimizdəki istinad nöqtələri təmizlənmədən Dağlıq Qarabağda daha ciddi mübarizələrə başlamaq böyük risklərlə qarşılaşmaq deməkdir.

Heydər Oğuz,
Ovqat.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin