Tramp hekayəsinin ACI SONU və Baydenin müəmmalı QAFQAZ SİYASƏTİ-ARAŞDIRMA

Mövzu çox sadədir: ABŞ-da oturuşmuş sistem, nizam və ya dövlətçilik ənənəsi var. Sadəcə, son 4 ildə Donald Tramp adlı tacir ABŞ-da prezident oldu, hətta yuxarıda qeyd etdiyim oturuşmuş sistemə meydan oxumağa cəhd etdi. Diqqət edin, cəhd etdi deyirəm, meydan oxumağı bacarmazdı. Çünki, qarşısında sistemli qlobalist Amerika vardı.

Qərb politoloqlarının, strateqlərinin dilində əzbər bir deyim var: Dünyada neçə ABŞ var? Əslində,mən bunun ritorika xatirinə deyildiyini qəbul edirəm. ABŞ dövlət ənənəsinin iki məşhur deyimi olan “American Dream” və “American creed”-in dərinliyinə varsaq çox detallara vaqif olarıq. Necə deyərlər, şeytan detallarda gizlənib.

Trampın hekayəsi

Son 4 illik ABŞ siyasətini təhlil edərkən, çox vacib detallara vara bilirəm. Donald Tramp ipə-sapa yatmayan bir prezident idi. Mən hətta onu “puzzle” adlandırardım. Harda, nə vaxt nə edəcəyini kimsə kəsdirə bilməzdi. Adam açıq-aydın “trampizm” adlı bir ənənə yaratdı. O, Wall Street ilə yola getmirdi. Heç amerikalı biznes elitası və ya oliqarxlar da ona isti münasibət bəsləmirdi. Tramp ölkə xaricindəki ABŞ mənşəli biznesi ölkəsinə gətirmək üçün çox çalışdı.

Mənə bu gün Trampın tərəfdarları qarşısında çıxışı çox maraqlı gəldi. O, dedi ki, dünya xalqlarını Çinə qarşı birləşdirə bildi, Yaxın Şərqdə ərəb ölkələrini İsrail ilə barışdıra bildi, Qasım Süleymanini aradan götürə bildi. Tramp xüsusi olaraq qeyd etdi ki, hər şey bitmədi və o, yenidən möhtəşəm şəkildə geri dönəcək. Bu gün ABŞ-ın nüfuzlu “Wall Street Journal” qəzeti yazdı ki, Trump “Patriot Party” adlı siyasi hərəkat quracaq. Mənim diqqətimi çəkən Trampın hələ də seçkilərdə qələbə qazandığına özünü inandırmasıdır. Yuxarıdada qeyd etdiyim kimi Tramp oturuşmuş sistemə qarmaq atdı və bunu qlobalist finansçılar qəbul edə bilməzdi.

Bayden və ənənəvi siyasətə dönüş

ABŞ 1776-cı ildən bəri klassik liberal dəyərlərə söykənən politik sistemə sahibdir. Doğrudur, 90-cı illərdən sonra liberal sistemin problemləri var. Lakin, ABŞ liberal sistemi hələki alternativ görmür. Bayden çox böyük ehtimalla Obamanın xarici siyasət doktirinasına sadiq olacaq. Rusiyaya münasibət birmənalı olmayacaq. Tramp zamanında müharibə olmasa da, demokratların adminstrasiyasında fərqli hadisələrə şahid olduq. Baydenin vəziyyəti o qədər də ürəkaçan deyil. 400 mindən çox amerikalı koronavirusdan ölüb. Təkcə paytaxt Vaşinqtonda 70% işsizlik problemi yaranıb. Bayden və onun Cənubi Asiyalı vitse-prezidenti Kamala Harrisin qarşısında ciddi problemlər var. ABŞ tarixdə görülməmiş siyasi qütbləşmədən əziyyət çəkir. Bütün bunlar Trampın qoyub getdiyi problemlərdir. Baydenin komandası kifayət qədər mozaikdir. Transgenderdən tutmuş erməni əsilli şəxsə qədər bir siyasi komandası var. Cənubi Qafqaz siyasətinə gəldikdə isə, Baydenin o qədər aktiv olacağını zənn etmirəm. Obama kimi o da Cənubi Qafqazı Rusiyanın orbitindən kənarda görmür. Biz Bayden-Putin sürtüşməsinə vaxtaşırı şahid ola bilərik, ancaq ciddi konfrontasiyaya ehtimal vermirəm. Tramp İlham Əliyevi Vaşinqtona dəvət etməmişdi, Bayden bunu edə bilər. ABŞ üçün Azərbaycandakı təhlükəsizlik və enerji maraqları önəmlidir.

İndi ABŞ-ın qarşısında Çin kimi ciddi rəqib var. Bayden adminstrasiyası İranla danışıqlara başlamaq istəyəcək. Lakin, İsrailin və körfəz ölkələrinin narahatlığını nəzərə almalı olacaq. Yəni, bu ölkələrlə İran siyasətini koordinasiya edəcək. Co Bayden liberal dəyərləri mütləq öz siyasətində nəzərə alacaq. Lakin liberalizmin daxilində də böhran olduğunun fərqindədir.

Yeni adminstrasiyanın qarşısında həll olunası ciddi problemlər var. Bizə də izləmək düşər.

Kamal ƏLİYEV

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin