Putindən ikibaşlı OYUN – Kremlin son kartı Abramyan Paşinyanı necə MƏĞLUB EDƏCƏK? / ARAŞDIRMA

0
7

Rusiya erməniləri ittifaqının sədri, xeyriyyəçi, sosial aktivist Ara Abramyan Ermənistanda iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Abramyan Ermənistanda doğulsada uzun illərdir Rusiyada yaşayır, akademik təhsilini, biznes fəaliyyətini də bu ölkədə həyata keçirib.

Qeyd edim ki, Ara Abramyan ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqında Elektronika nazirliyində şöbə müdiri vəzifəsində işləyib.

44 günlük müharibədə Abramyan öz vəsaiti hesabına Rusiyadan silah alıb Ermənistana göndərirdi. Azərbaycan dövlətinin bu barədə kifayət qədər sübutları olub və bunları Rusiya tərəfinə də təqdim edib.

Abramyan 2016-cı ilin martında Ermənistanda olarkən, yeni siyasi partiya yaradacağını və 2017-ci ildə parlament seçkilərində iştirak edəcəyini bəyan edirdi. O zaman Ermənistanın prezidenti Serj Sarkisyan idi. Sonra nə oldusa, Kreml Abramyanı Moskvaya çağırdı.

Artıq zaman dəyişib; Rusiyanın nə Vazgen Manukyan, nə də Robert Köçəryana ümidi qalmayıb. Putin əvvəlcə Manukyan və onun “Vətəni Xilasetmə” hərəkatından istifadə etmək istəsə də, bu baş tutmadı. Daha sonra Putin öz “sədaqətli” dostu, Kremlin rezerv materialı Köçəryanı “döyüşə” atmaq istədi, yenə də alınmadı. Görünür, Rusiya adlarını çəkdiyim siyasilərdən fayda əldə edməyəcəyinin fərqindədir ki, indiki situasiyada Ara Abramyana “stavka” etməyə başlayıb. Abramyanın siyasi ritorikasına fikir versək görərik ki, o, açıq-aydın Rusiyanın maraqlarından çıxış edir.

Məsələn, o deyir ki, “mən özümü günahkar sayıram, çünki, mübarizə aparmadım, soruşmadım ki, Paşinyan kimdir və haradan gəlib.”

Birmənalı olaraq, Abramyan yalan danışır. O, 2017-ci ildə Paşinyanla yaxından tanış olan biridir. Ancaq indi şərtlər dəyişib və Kremlin iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində cızdığı konfiqurasiya üçün çalışmalıdır. Abramyan onu da deyir ki, Paşinyanın növbəti seçkilərdə iştirak etməyə mənəvi haqqı yoxdur və “müdrik” erməni xalqına situasiya düzgün başa salınmalıdır.

Mən heç də Abramyanı hazırki şərtlər daxilində Paşinyan üçün gözlənilməz rəqib hesab etmirəm. Bu biznesmen erməni həmişə rusiyameyilli Köçəryan və Sarkisyana arxa olub. Yenə də təkrar edim ki, Abramyan 2027-ci ildə partiya yaradıb seçkilərə qatıla bilərdi; onun kifayət qədər maliyyə resursları və Kremlin yuxarı eşalonunda dostları var. Sadəcə, Rusiya 2016-2017-ci illərdə Ermənistanda Abramyanın siyasətə girməsinə imkan vermədi. Çünki, Serj Sarkisyan bütünlüklə Rusiyanın maraqlarına cavab verirdi.

Hətta birazda açım: Ara Abramyan Putinin Azərbaycandakı dostu professor İlham Rəhimov kimidir. Hər ikisi həm professordur, həm də biznesmen.

İndiki situasiyada Ara Abramyan Rusiya dövləti üçün ən əlverişli seçimdir. Bu erməni xeyriyyəçi və sosial aktivistin həm Rusiyada, həm də Ermənistanda böyük biznes şəbəkəsi var. Bu, həm də o deməkdir ki, Rusiya Paşinyanı devirmək üçün pulu da Abramyanın özünə xərclədəcək. Görünür, Putin bir güllə ilə iki quş vurmaq istəyir. Lakin Ara Abramyan məsələsində ən əsas söz sahibi olan tərəflərdən biri də erməni diasporudur. Hələ ki, erməni diasporu, daha doğrusu, ABŞ-dakı ANCA təşkilatı rəsmi mövqeyini açıqlamır. Güman etmirəm ki, Rusiya Abramyanı irəli sürərkən, diasporun münasibətini nəzərə almayıb.

İkinci Qarabağ müharibəsi bəlkə də tarixdə heç vaxt olmayacaq qədər Ermənistanı Rusiyadan asılı vəziyyətə salıb. Hərçənd, qərbyönümlü Paşinyan dirənir, ancaq bu da bir yerə qədər. İqtisadiyyatının, bütün energetika, kommunikasiya sistemi, dövlət sərhədlərinin belə Rusiyanın nəzarətində olan Ermənistanın uzaq perspektivdə başqa çarəsi də qalmır. Bunu əslində erməni diasporu da başa düşür. Ara Abramyan 2012-ci ildə Moskvada Azərbaycan diasporunun rəhbərləri ilə bir araya gəlib müzakirələr aparmış biridir. İndi Putin bu adamı qabağa verərək demək istəyir ki, Ara Abramyan birbaşa mənə bağlıdır, revanşist(?) deyil.

Zənnimcə, Putin 19 noyabr razılaşmasından irəli gələn bəzi öhdəlikləri də Abramyanın vasitəsilə həyata keçirmək istəyir. Əlbəttə, buraya regionda kommunikasiya xəttlərinin bərpası da daxildir. Bu, sadəcə bir fərziyyədir. Biz Rusiyadan Azərbaycanın maraqlarına uyğun müsbət heç nə gözləməməliyik. Putin ikibaşlı oynayır. Bir tərəfdən qondarma Artsaxda rus dilini ikinci rəsmi dil elan edir, digər tərəfdən Abramyan kimi “revanşist olmayan” birini Ermənistanın baş naziri etmək istəyir.

Abramyanın karyerasında onun həm Rusiya ortadoks kilsəsində, həm də Rusiya Müdafiə nazirliyindən medallar aldığını da görmək olar. Bu, açıq göstərir ki, o, rus dərin dövlətinə kifayət qədər sadiq fiqurdur. Ən maraqlı məqam da odur ki, Ara Abramyan 2005-ci ildə Fransanın məşhur “Legion” ordeninə də layiq görülüb. Ancaq o, bunu Rusiya-Fransa əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə əldə edib.

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin