Neft İranla Azərbaycanı yaxınlaşdıracaqmı? – TƏHLİL

0
4

Ermənistan-Azərbaycan müharibəsi nəticəsində Qarabağ ərazilərinin azad edilməsinin ardından İran və şirkətləri şimal qonşumuzla daha çox əlaqə qurmaq imkanı əldə edib.

Enerji ehtiyatlarına görə lider ölkələr sırasında olan İran və Azərbaycan regional və qlobal enerji bazarında əməkdaşlıq səviyyəsini artırmaq üçün yaxşı potensiala malikdirlər. İkinci Qarabağ müharibəsinin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsilə iki ölkə arasında, xüsusən də enerji infrastrukturu sahəsində əlaqələrin dərinləşməsi üçün yaxşı zəmin yaranıb.
İran texniki-mühəndislik biliklərinin ixracı sahəsində təcrübəyə malik olmaqla, Azərbaycanın rabitə və enerji infrastrukturunun yenidən qurulmasında iştirak edə bilər. Neft bazarında sabitlik və neftin qiymətinin artması hər iki ölkə üçün yaxşıdır və iki ölkə ötən illərdə də neft bazarında oxşar siyasət yürüdüb.

İran-Azərbaycan: enerji sahəsində əməkdaşlığın tarixçəsi
Azərbaycan müstəqillik əldə etməsinin ardından Naxçıvanın enerji təminatında ciddi probləmlərlə üzləşmişdi. O zaman Azərbaycan hökumətinin Naxçıvanın enerjilə təmin edilməsilə bağlı nəzərdə tutduğu variantlardan biri də İranın enerji ehtiyatlarından istifadə idi.
İki ölkə arasında ilk enerji müqaviləsi 1992-ci ildə, Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevin İrana səfəri zamanı imzalanıb. Sənədi iki ölkənin prezidentləri imzalayıb. Müqaviləyə əsasən, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən Şərqi Azərbaycanın Culfa şəhərinə və oradan Naxçıvana qaz borusu çəkilib. 2004-cü ildə isə iki ölkə arasında İranın 25 il müddətinə Naxçıvana ildə bir milyon kubmetr təbii qaz ixrac etməsinə dair razılıq əldə olunub.

90-cı illərdə Azərbaycan neft-qaz sektoruna xarici investisiyaların cəlbinə başlayıb. Artıq Bakı regional enerji təhlükəsizliyində fəal rol oynamaq niyyətində idi. Bu zaman “Şahdəniz” yatağından Avropa bazarına enerji daşıyıcıları nəqli layihəsinə İran şirkətləri də dəvət almışdı.
Nəticədə İran 1996-cı ildə rəsmən “Şahdəniz” Konsorsiumuna qoşulub. İrandan Naxçıvana elektrik enerjisi ixracına isə hələ 1994-cü ilin sonlarında başlanılıb.
Əməkdaşlıq sonrakı illərdə də davam edib. Məsələn, 2006-cı ilin dekabrında iki ölkə Araz çayı üzərində su bəndi və hidroelektrik stansiyasının inşasına dair razılığa gəlib.

Enerji sahəsində əməkdaşlığın gələcəyi
İkinci Qarabağ müharibəsi bölgənin siyasi və geosiyasi vəziyyətini dəyişib. Belə olan təqdirdə region ölkələri təbii ki, bölgədə mövcudluğunu, təsir imkanlarını genişləndirmək üçün öz xarici siyasətlərini yeni regional geosiyasi konyukturaya uyğunlaşdırmağa çalışır.

Məsələn, Azərbaycanın azad edilmiş ərazilərin yenidən qurulmasına dair ciddi planları var. Bu, bölgə ölkələrini özəl sektorun bu layihələrdə iştirak etməsi üçün fəal iqtisadi diplomatiya yürütməyə sövq edib. Doğrudur, Tehran İkinci Qarabağ müharibəsinin başa çatdırılmasında fəal rol oynaya bilməyib. Ancaq istənilən halda, Qarabağın bərpası dövrü İran diplomatiyası üçün həm siyasi, həm də iqtisadi baxımdan yaxşı fürsətdir. Şübhəsiz ki, İran şirkətlərinin Qarabağın yenidən qurulması layihələrində iştirakı üçün əvvəlcə ABŞ-ın sanksiyaları ilə bağlı problem həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, onlar Qarabağdakı bərpa prosesində dost ölkələrin şirkətlərinin fəal iştirakında maraqlıdır. Ötən həftənin sonunda isə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədovla görüşdə İran şirkətlərinin azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək potensialını müzakirə edib. Bu, İranın Qarabağın yenidən qurulmasında iştirak etmək istiqamətində atdığı ilk ciddi addımdır. Bununla yanaşı, ötən çərşənbə axşamı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və baş nazirin müavini Şahin Mustafayev Tehrana rəsmi səfərə gəlmişdilər.

İranın neft naziri Pərviz Şahbazovla görüşdən sonra verdiyi açıqlamada Azərbaycanın “OPEC Plus”ın fəal və faydalı üzvü olduğunu xatırladıb. “İranın Azərbaycanla sıx əlaqələri var və iki ölkə “OPEC Plus” çərçivəsində də əməkdaşlıq edir”, – deyə o, bildirib.

Azərbaycanlı nazir də Tehranla Bakının dostluq münasibətlərindən danışıb, “OPEC Plus”un mövcud vəziyyətdə neft bazarının bərpası üçün yaxşı vasitə olduğunu söyləyib. Şahbazov hesab edir ki, bu birliyin daha səmərəli olması üçün koalisiya inkişaf etdirilməlidir.
Pərviz Şahbazov bildirib ki, ölkəsinin elektrik stansiyalarının enerjilə təmini üçün təbii qaza ehtiyac var: “Ümid edirəm, İranın təbii qazından istifadə edə bilərik”. O, həmçinin İran tərəfinə Naxçıvana qaz ixracına görə Azərbaycan hökuməti adından təşəkkür də edib.
Çərşənbə günü İran prezidenti Həsən Ruhani də Ermənistan-Azərbaycan müharibəsindən danışıb. O, Nazirlər Kabinetinin iclasında deyib: “Azərbaycanın sərhədlərini azad etməsilə, yaxşı iqtisadi dinamikaya zəmin yaranıb. Xudafərin bəndində işlərin tamamlanması 120 min hektar ərazimizi su ilə təmin edə bilər”.

İclasda İranın energetika naziri Azərbaycanla hidroelektrik stansiyalarının inşasına dair razılığın əldə olunduğunu bildirib. Xudafərin bəndinin inşası və istismarına dair maliyyə hesablamaları məsələlərinin Azərbaycan tərəfilə razılaşdırıldığını qeyd edən Rza Ərdəkanian deyib: “Bu bənddə su elektrik stansiyalarının inşasına dərhal başlayacağıq”. Nazir Xudafərin bəndini son 20 ildə Araz çayı üzərində tikilmiş böyük layihələrdən biri kimi xarakterizə edib: “Xudafərin, Araz sərhəd çayı üzərində inşa edilən əhəmiyyətli su bəndidir. O, təxminən 1,6 milyard kubmetr suyu tənzimləyəcək”.
Azərbaycanın enerji nazirinin İrana səfəri zamanı əldə olunmuş razılaşmalar həyata keçirilərsə, İranın enerji şirkətləri Qarabağda enerji infrastrukturunun yenidən qurulması və təmirinə cəl olunarsa, iki ölkə arasında ticarət əlaqələri genişlənəcək, iqtisadi əlaqələrin səviyyəsiyüksələcək. İki ölkə arasında əməkdaşlığın artması isə əlbəttə ki, regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə olacaq.
Artıq qeyd etdiyimiz kimi, İranın enerji şirkətlərinin Dağlıq Qarabağda icra ediləcək layihələrdə iştirakına çətinlik yaranmaması üçün sanksiyalarla bağlı problemlər tədricən həll olunmalıdır. Bu arada, Azərbaycan qazını Naxçıvana çatdıracaq İğdır-Naxçıvan qaz kəmərinin inşasına ötən həftə start verilib. Təbii ki, bu boru kəmərinin inşası ilə Naxçıvanın İran qazından asılılığı aradan qalxacaq və İranın Naxçıvanın enerji təhlükəsizliyindəki rolu minimuma enəcək.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İran Azərbaycanın təbii qaz anbarlarından da istifadə edə və ilin soyuq fəsillərində, milli qaz şəbəkəsində təzyiq azalmasını kompensasiya etmək üçün sözügedən anbarlarda yığılmış qazdan yararlana bilər.
Bütün sadalananları nəzərə alsaq, İranın Qarabağın azad edilmiş ərazilərinin enerji infrastrukturunun yenidən qurulmasında iştirakı, iki ölkənin Xudafərin bəndi də daxil olmaqla, birgə enerji layihələrini tamamlamaq səyləri İranın Azərbaycanda mövcudluğunu artırması üçün əlverişli fürsətdir. Amma İkinci Qarabağ müharibəsində olduğu kimi, bu fürsət də əldən verilməməlidir. Unutmaq olmaz ki, Türkiyə şirkətləri də daxil olmaqla, bütün nəhəng regional şirkətlər bölgədə mümkün qədər çox layihənin icrasına qoşulmaq üçün bütün lazımi imkanlara malikdir. Hər halda, Türkiyənin Qarabağ müharibəsində Azərbaycanın mövqeyini dəstəkləməsi indi orada həyata keçiriləcək layihələrində Türkiyə şirkətlərinin iştirakı üçün əlverişli imkan yaradıb.

(Fars dilindən tərcümə – WorldMedia.Az)
Mənbə: Parsine.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin