Ermənistanın xilası nədədir?

Təslim bəyanatının imzalanmasından sonra Ermənistanda müxalifət partiyaları birləşib Baş nazir N. Paşinyanı devirmək, parlamentə yeni seçkilər keçirmək və Azərbaycan qarşısında rüsvayçı məğlubiyyətin əvəzini çıxmaq üçün hərəkətə keçiblər. Sual olunur: müxalifətin bu istəklərini həyata keçirməsi realdırmı?
Ermənistan demokratiyadan çox uzaq olduğu üçün müxalifətin silahlı yolla N.Paşinyanı devirməsi və ya onu hətta terror yolu ilə aradan götürməsi mümkündür. Bu, baş verərsə, təəccüblənmək lazım deyildir. Çünki L.Ter-Petrosyanın hakimiyyətdən zorla uzaqlaşdırılması, parlamentdə törədilən terror aktı, deputatların gülləbəran edilməsi, N.Paşinyan tərəfindən S.Sarqsyanın devrilməsi və digər qanunsuz hərəkətlərin təcrübəsi var. Növbəti belə addımlar erməni dövlətinin və cəmiyyətinin böhranını daha da dərinləşdirər.
N.Paşinyandan sonra hakimiyyətə gələcək qüvvənin yenidən müharibə başlamaq cəhdlərinin bəri başdan iflasa uğrayacağı bir sıra amillər səbəbindən şəksizdir. Birincisi, Ermənistanın ordu sıralarını doldurmaq üçün insan ehtiyatı yoxdur. Bu ölkədə bir tərəfdən demoqrafik böhran mövcuddur, əhalinin təkrar istehsalı yoxdur, digər tərəfdən isə insanlar bərbad idarəçilik, diktatura, korrupsiya və tüğyan edən rüşvətxorluq ucbatından ölkədən baş götürüb gedirlər. Əhali ildən-ilə azalır. İkincisi, müharibəyə başlamaq üçün Ermənistanın maliyyə-iqtisadi, hərbi gücü olmadığından növbəti acınacaqlı məğlubiyyəti də qaçılmaz olacaq. Azərbaycanla qarşıdurma və müharibə zəif Ermənistana heç bir yaxşı perspektiv vəd etmir.
Elə isə soruşulur: Bəs Ermənistanın xilası nədədir? İlk növbədə, Ermənistan tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə riayət edərsə, fayda görər. Ermənistanın xilası və gələcəyi region ölkələrinə, o cümlədən Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkib onlarla ümumi dil tapmaq və mehriban qonşular kimi yaşamaqdan keçir. İrəvan bu yolu seçərsə, regionda əməkdaşlıq mühiti yaranacaq və fayda görəcək, əks təqdirdə isə dünyanın siyasi xəritəsində dəyişikliklər ola bilər.
Musa Qasımlı, millət vəkili

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin