CİDDİ FAKTLAR-Ermənipərəst molla rejiminin QARABAĞA MÜDAXİLƏSİ BÖLGƏNİ XAOSA APARIR

0
6

Azərbaycan Ermənistan işğalından azad olunan ərazilərdə quruculuq işlərinə başlayıb.

Artıq qardaş Türkiyənin şirkətləri də işlərə cəlb olunub. Azərbaycan hökuməti digər dövlətlərin də şirkətlərinin quruculuq işlərində iştirak edəcəyini bildirib. Eyni zamanda qeyd edilib ki, quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin Vətən müharibəsində Azərbaycana qarşı sərgilədiyi mövqe diqqətə alınacaq. Quruculuq işlərində iştirak etmək istəyən dövlətlərdən biri də İrandır. İran I və II Qarabağ müharibəsində ikili siyasət aparıb, əl altından Ermənistana dəstək verib.

44 günlük Vətən savaşında da İran “TIR”ları Ermənistana iqtisadi yardımlar daşıdı. Bir sözlə, qonşu dövlət Qarabağın bərpası layihələrində iştirak hüququnu mənən itirib. Həm də bu işin siyasi və təhlükəsizlik tərəfi var.

İranı Dağlıq Qarabağda quruculuq işlərinə buraxmaq olarmı? Əgər İran bu işlərə buraxılmazsa, Qarabağda quruculuqla bağlı hansısa əngəllər törədə bilərmi?

“İran işğalçını adı ilə göstərmədi”

KAİM.az xəbər verir ki, “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında deyib ki, İran Azərbaycana qarşı münasibətdə özünü doğrultmadı:

“Azərbaycanın torpaqları işğal olunan dövrdə, ondan sonra və torpaqlarımız azad olunan zaman da İran Azərbaycana qarşı münasibətdə özünü doğrultmadı. İstər qonşu kimi, istər sə də müsəlman dövləti kimi İrandan Azərbaycana qarşı doğru münasibəti müşahidə etmədik. Bəs İran əvəzində neylədi? 1993-cü ildə azərbaycanlı qaçqınlar Qarabağdan qovularkən Araz çayını keçib İrana pənah aparanda orada onları başına müsibətlər açdılar, onları aşağılayıb, yerli əhalinin onlara yardımının qarşısını aldılar. Neçə-neçə insan Arazda boğuldu, lakin İran hökuməti onlara yardım etmədi. Sonrakı mərhələdə qaçqın düşərgələrində Xomeyni adına İmdad Komitəsinin adı ilə Azərbaycanda İslam İnqilabçılarını yetişdirməyə çalışdılar.

Bununla da Azərbaycanda təxribat nəfərləri hazırlamağa çalışdı. Hətta nəzarəti altında olan qaçqın düşərgələrinə yerli əhalidən və mətbuatdan kimsə buraxılmır. 1995-ci ildə və sonrakı illərdə Xomeyni İmdad Komitəsi Azərbaycandan qovuldu. Bununla da İranın Azərbaycandakı qaçqınlara yardımı dayandı. Yəni İran Azərbaycandakı qaçqınlara insan kimi humanitar yardım etməyi bacarmadı. Daha sonra İran 1990-cı illərdən bugünədək Ermənistana qaz, sürtkü yağı və digər məhsullar verməklə işğalçının uzunmüddətli dirənişini dəstəklədi. Bundan başqa Azərbaycanın torpaqlarını işğal edən işğalçıların tankları, hərbi texnikalarının hamısı İrandan gələn yanacağın hesabına işləyirdi. Yəni İran Qarabağda Ermənistanın işğalını uzatdı və dəstəklədi. İndiyədək İran Ermənistanı heç vaxt açıq şəkildə işğalçı adlandırmadı. Eyni zamanda işğalçıya “oturun yerinizdə, bura Azərbaycanın torpağıdır”- sözlərini demədi”.

“Tehran qələbəmizə kölgə salmağa çalışdı”

Politoloq bildirib ki, İran Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə də kölgə salmağa çalışıb:

“Hətta ötən illər ərzində İran Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi.

Sonrakı dövrdə Qarakilsədə Ümumdünya erməni oyunlarını təşkil etdi. Bununla da ermənilərin toplanmasına yardım etdi. İran hökuməti ötən ilin aprel ayında Tehranda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına göz yumdu. Tehran hökuməti Nikol Paşinyanın “Ararat” idman sarayında “Qarabağ Ermənistandır” şuarının yazılmasına və yayılmasına imkan yaratdı. İran Rusiya silahlarının öz ərazisindən Ermənistana ötürülməsini təşkil etdi və dəstəklədi. Bundan başqa Xudafərin körpüsü vasitəsi ilə separatçılarla əlaqə saxladı. İranın bir qrup şirkətləri separatçılarla əməkdaşlıq etdi və Qarabağda onlarla fəaliyyət göstərdi. Tehran hakimiyyəti Qarabağda məscidlərin, qəbirlərin dağıdılmasının qarşısını almaq istiqamətində heç bir addım atmadı. İram İrəvanda Göy məscidin və Şuşada Gövhər Ağa məscidlərini bərpa etməklə, onu dünyaya fars məscidi kimi təqdim etdi. 44 günlük döyüşlər zamanı da Azərbaycanı ləkələməyə çalışdı, guya ki, bizim tərəfimizdə terrorçular döyüşür. Yəni İranın Azərbaycana qarşı mənfi mövqelərini sadalamaqla bitməz”.

“Kim zəmanət verə bilər ki, İran ermənilər xidmət etməyəcək”

Ekspert hesab edir ki, Azərbaycana qarşı belə mövqe sərgiləyən bir hakimiyyəti Qarabağda quruculuq işlərinə birmənalı şəkildə buraxmaq olmaz:

“İndi Azərbaycana qarşı belə bir mövqe sərgiləyən hakimiyyətin Qarabağda quruculuq işlərinə qoşulmasına və burada fəaliyyətinə icazə vermək olarmı? Kim qarant verə bilər ki, İran perspektivdə ruslarla birləşib ermənilərə xidmət etməyəcək? Bunun qarantı yoxdur. Hələ təkcə Rusiya sülhməramlılarının Qarabağda konkret olaraq nə işlə məşğul olduğu Azərbaycan ictimaiyyətində məlum deyil. İndi bir də mövqeyi həmişə ermənilərdən yana olan İranın Qarabağa gəlməsi nələrlə nəticələnəcək, məlum deyil. Ermənistan, İran və Rusiya birləşib Qarabağda yeni bir fəsad yuvası yarada bilər. İranı Qaranbağın heç yaxınına da buraxmaq olmaz. Elə Arazın o tayından Qarabağa baxmağı məsləhətdir. Qarabağda quruculuq işləri üçün ayrılmış 2.2 milyard manatın bir qəpiyini də İrana göstərmək olmaz”.

“Onlar bizə heç bir əngəl törədə bilməz”

S.Soltan qeyd edib ki, Qarabağa kimlərin buraxılıb, kimlərin buraxılmayacağı Azərbaycanın daxili məsələsidir, İran buna görə heç bir əngəl törədə bilməz:

“Azərbaycanın İranı Qarabağa buraxmaması ilə bağlı da Tehran hakimiyyəti heç bir əngəl törədə bilməz. Bu Azərbaycanın süveren hüququdur. Bu Azərbaycanın torpaqlarıdır, kimi istəyər buraxar. Digər tərəfdən İranın Qarabağda fəaliyyət göstərəcək şirkətlərinin əvvəllər ermənilərlə əməkdaşlıq etdiyini və ya bu şirkətlərinin qurucusunun erməni olub- olmadığını kim yoxlayacaq? Buna kim təminat verə bilər? İran etibarsız olduğuna görə onu Qarabağa buraxmaq olmaz. Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın haqqın tərəfində olacağına böyük etimadı və inamı vardı. İran hakimiyyəti isə 50 milyonluq Azərbaycan türkünü saya salmadı. Rəsmi Tehran göstərdi ki, İran hakimiyyəti dini- siyasi- ideoloji deyil, İran mərkəzli, fars düşüncəli şəxslərin iqtidarıdır. Onların da dostu ermənilərdir. Yəni erməniliklə fars şovinizmi eyni ruhun daşıyıcılarıdır. Hər ikisinin kökündə duran qayə türkə düşmənlik və nifrətdir. Bir daha qeyd edirəm ki, bu təfəkkürün sahiblərini qəti şəkildə Qarabağa buraxmaq olmaz”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin